İnsan. Varlıq və Zamandan əbədi sənətə

 

 

Dahi bəstəkar Qara Qarayevə həsr olunmuş sərgi

 

İçərişəhərdəki “Nur Art House” qalereyasında Əməkdar rəssam, heykəltəraş, Azərbaycan Rəssamlıq Akademiyası və Roma Müasir Sənət Akademiyasının professoru Zeynalabdin İsgəndərovun dahi bəstəkar Qara Qarayevə həsr olunmuş sərgisi təşkil olunub. Fevralın 7-də açılışı keçirilən sərgi qalereyanın Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Rəssamlar İttifaqı ilə birlikdə həyata keçirdiyiİnsan. Varlıq və Zaman” layihəsi çərçivəsində ərsəyə gəlib.

Açılış mərasimində çıxış edən qalereyanın direktoru, professor Röya Tağıyeva sərginin ekspozisiyası haqqında məlumat verdi. Diqqətə çatdırdı ki, sərgidə Qara Qarayevin xatirəsinə həsr olunmuş əsərlərlə yanaşı, görkəmli fırça ustaları Səttar Bəhlulzadə və Maral Rəhmanzadənin rəsmləri də yer alıb. Azərbaycan incəsənətinin “qızıl dövrünün təmsilçiləri olan, bir zaman yaratdıqları əsərlərlə minlərlə qəlbə işıq gətirən sənətkarlarımız bu gün xatirəyə dönsələr də, heykəltəraş Zeynalabdin İsgəndərovun yaratdığı obrazlar sayəsində canlanaraq sanki bizimlə danışır. Bugünkü sərgi biziİnsan. Varlıq və Zaman” anlayışına xatirə, xəyal və arzu prizmasından yanaşmaqla keçmişimizdən bu günümüzə yol açır və gələcəyimizə körpü salır”.

Qalereyanın bəşəri dəyərə malik milli mədəni irsimizin qorunması, gələcək nəslə ötürülməsi və təbliğini qarşıya məqsəd qoyduğunu deyən Röya Tağıyeva budəfəki sərgiyə və heykəltəraşın yaradıcılığına fərqli yanaşdıqlarını bildirdi. Vurğuladı ki, qalereya xatirələri müxtəlif texnikalarla canlandıran əsərləri təqdim etməklə tamaşaçıları sənətdən zövq almağa dəvət edir.

Tədbirdə çıxış edən təhsil naziri Ceyhun Bayramov sərginin gənc nəslin mədəni irsimizlə tanışlığı baxımından əhəmiyyətini qeyd etdi.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov sərginin təşkilinə və təşəbbüsə görə minnətdarlığını bildirdi, görkəmli bəstəkarla bağlı xatirələrini bölüşdü.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova heykəltəraşın sərgidən sonra əsərlərini muzeyə hədiyyə edəcəyini dedibu addımına görə rəssama minnətdarlığını ifadə etdi.

Çıxışların sonunda bəstəkarın qızı, pianoçu, professor Züleyxa Qarayeva-Bağırova ailəsi adından sərginin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirdi.

Tədbir Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi filmin nümayişi ilə davam etdi.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 13 fevral.- S.5.