“Məni anla

 

 

Gənc rəssam Nərmin İbrahimovanın fevralın 14-dən 16-dək Muzey Mərkəzində keçirilən fərdi sərgisi belə adlanırdı.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov sərgi haqqında fikirlərini bölüşdü. O, gənc rəssamların belə sərgilərinin tez-tez təşkil olunmasını onların yaradıcılıq imkanlarının təqdimatı və ölkə ictimaiyyətinin bu əsərlərlə tanış olması baxımından müsbət qiymətləndirdi. Nərmin İbrahimovanın əl işlərinin məna və məzmun baxımından dolğun olduğunu deyən Ağaəli İbrahimov ona yeni yaradıcılıq axtarışlarında uğurlar arzuladı.

Digər çıxış edənlər də rəssamın yaradıcılıq istedadından danışdılar, nümayiş olunan əsərlərin forma və məzmun orijinallığı ilə tamaşaçıların marağına səbəb olacağını dedilər.

Nərmin İbrahimova da çıxış edərək tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi.

Çıxışlardan sonra iştirakçılar əsərlərlə tanış oldular. Sərgidə rəssamın müxtəlif janrlarda 60-dan çox əl işi yer almışdı.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2019.- 20 fevral.- S.5.