“Şəhid şəhər” uşaq rəsm müsabiqəsinə yekun vuruldu

 

 

Fevralın 21-də Xətai Sənət Mərkəzində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açıldı. Sərginin açılışından əvvəl 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin şagirdləri “Şəhid şəhər” adlı bədii kompozisiya təqdim etdilər.

Mərasimdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək bildirdi ki, sərgilənən rəsmlər tariximizin bu faciəli səhifəsinin uşaqların bədii təxəyyülündə necə əks olunduğunu göstərir: Biz münsiflər heyəti olaraq bu rəsmləri seçəndə əmin olduq ki, uşaqların tariximiz haqqında dolğun məlumatları var. İnanırıq ki, siz bu məlumatları və tarixi faciəni hər zaman yaddaşınızda saxlayacaqsınız. 1992-ci ilin 26 fevralında Xocalıda baş verən bu soyqırımı xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək”.

Müsabiqədə iştirak edən bütün uşaqlara təşəkkürünü bildirən direktor həmçinin diqqətə çatdırdı ki, sərgidə uşaqlarla yanaşı Əməkdar rəssam Rafael Muradovun da əsərləri nümayiş olunur. Rafael Muradov tariximizin səhifələrinə ən çox müraciət edən rəssamlarımızdan biridir. Onun bu mövzuda yaratdığı əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunur.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Xocalı faciəsinin xalqımıza qarşı XX əsrdə törədilən ən böyük soyqırımı olduğunu bildirdi. Qeyd etdi ki, həmin faciədə hər iki valideynini itirən 17 uşaq Rəssamlar İttifaqının köməkliyi ilə Türkiyəyə göndərilmişdi və orada dünya mətbuatına bu soyqırımı haqqında məlumatlar çatdırılmışdı: “Həmin uşaqlardan 11-i ulu öndər Heydər Əliyevin təklifi ilə orada internat məktəbində qalaraq təhsillərini davam etdirmişdilər. Onlardan 3-ü bu gün alim-pedaqoq kimi Türkiyədə fəaliyyət göstərir. Bu hadisəni unutmamalı və gələcək nəsillərə bu cür tədbirlərlə çatdıraraq yaşatmalıyıq”.

Əməkdar rəssam Rafael Muradov bütün uşaqlara sülh arzuladı və bildirdi ki, qoy gələcək nəsillərin yaddaşı möhkəm olsun, tariximizi unutmasınlar, xalqımızın dostunu və düşmənini tanısınlar.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev uşaqlara tarixi unutdurmamağa və vətənpərvərlik hislərinin aşılanmasına görə valideyn və müəllimlərə təşəkkür etdi. O, yaşlı nəsil sənət nümayəndələrini də bu mövzuya daha çox müraciət etməyə və beynəlxalq aləmdə təşkil etdikləri sərgilərdə xalqımızın faciəsini dünyaya tanıtmağa çağırdı.

Çıxışlardan sonra müsabiqənin iştirakçılarına diplom və təşəkkürnamələr, Əməkdar rəssam Rafael Muradova Azərbaycan Dövlət Rəsm Qalereyasının fəxri diplomu təqdim edildi.

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.1-2.