Qarabağ” adlı gecənin “Gözəl Şuşa” laylası

 

 

 

Görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 95 illiyi münasibətilə fevralın 19-da Heydər Əliyev Sarayında təqdim olunanQarabağ” adlı gecə tamaşaçıları bir anlığa, musiqi qanadlarında da olsa, indi əlimiz yetməyən yurd yerlərinə apardı...

“Mədəniyyət” kanalının təşkilatçılığı ilə reallaşan konsertdə ilk olaraq çıxış edən kanalın direktoru Ramil Qasımov Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi olan Süleyman Ələsgərovun çoxşaxəli yaradıcılığından söz açdı. Bildirdi ki, sənətkarın istər mahnı yaradıcılığı, istər musiqili teatr sahəsinə töhfələri dillər əzbəri olmuşdur. Azərbaycan kinosunun incilərindən sayılan “Ulduzfilmi bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettasının motivləri əsasında ekranlaşdırılıb. Süleyman Ələsgərov bəstəkarlıqdan əlavə ölkənin mədəni həyatında böyük xidmətlər göstərib, Respublika Radio Verilişləri Komitəsində Xalq çalğı alətləri orkestrinin dirijoru, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, direktoru, Kinematoqrafiya Komitəsinin orkestrlərinin bədii rəhbəri, Azərbaycan Dövlət Filarmoniyası mahnı və rəqs ansamblının bədii rəhbəri, Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunun direktorubaşqa vəzifələrdə çalışıb.

Vurğulandı ki, Üzeyir bəy ənənələrinin layiqli davamçısı olan bəstəkar gənc kadrların yetişməsində öz töhfəsini verib: “Bu musiqi gecəsində də bəstəkarın əbədiyaşar mahnılarını incəsənət ustalarımızın ifasında dinləyib zövq alacağıq. Nə qədər ki, qədirbilən xalqımız var bəstəkarın sənəti də əbədidir”.

Gecədə Süleyman Ələsgərovun mahnı və romansları, musiqili komediyalarından parçalar, eləcə də orkestr pyesləri səsləndi. Solistləri Əməkdar artist Faiq Sadıqovun rəhbərliyi ilə  Əməkdar kollektiv Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestri və Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbərliyi ilə Niyazi adına Simfonik orkestr müşayiət edirdi. Xalq artistləri Azər Zeynalov, Gülyaz Məmmədova, Samir Cəfərov, Aygün Bayramova, İlham Namiq Kamal, əməkdar artistlər Lalə Məmmədova, Almaz Orucova, İlahə Əfəndiyeva, Ehtiram Hüseynov, Təyyar Bayramov, Babək Niftəliyev və digər sevilən ifaçılar bəstəkarın dillər əzbəri olan mahnılarını təqdim etdilər.

Unudulmaz mahnılar yeni ifalarda bir daha sənətin ölməzliyini sübut edirdi. “Gözəl Şuşa”, “Gözlə məni”, “Xəyala dalarkən”, “Göygöl”, “Neylərəm”, “Qarabağ”, “Bilsəm sən gəlirsən” və digər mahnıları səsləndikcə bir daha Azərbaycan mahnı bəstəkarlığı məktəbimizin təkrarsız olduğunun şahidi olurduq.  Gecənin ən maraqlı nömrələrindən biri də “Ulduz” filmindən olan NazikMöhsünün dueti idi ki, əməkdar artistlər Lalə Məmmədova və Tahir İmanovun ifasında fərqli və eyni zamanda nostalji hislərlə təqdim edildi. Görkəmli sənətkarların yubiley və yaradıcılıq gecələrini hər dəfə tam yeni rejissor yanaşması, maraqlı səhnə quruluşussenari ilə təqdim edən Heydər Əliyev Sarayının kollektivi bu dəfə də tamaşaçıları təəccübləndirməyi və musiqi irsimizə sevgi aşılamağı bacardı.  Sonda bəstəkarın nəvəsi, Əməkdar artist Tahir İmanov iştirakçılara və təşkilatçılara təşəkkürünü bildirdi. Musiqi gecəsi tamaşaçıların ayaqüstə bəstəkarın xatirəsini alqışlarla yad etməsi ilə yekunlaşdı.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 22 fevral.- S.4.