Əsrin faciəsinin hüznlü bədii hekayəti

 

 

 

Fevralın 25-də Milli İncəsənət Muzeyində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

“XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbərləri və əməkdaşları iştirak edirdi.

Bədii kompozisiya şəklində təqdim edilən tədbirdə qeyd olundu ki, 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qanla yazılıb. Erməni vandallarının Xocalı sakinlərinə qarşı törətdiyi soyqırımı aktı mənfur düşmənin ümumbəşəri, insani dəyərləri heçə saydığını ortaya qoyub. Həmin müdhiş gecədə 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın amansızlıqla qətlə yetirilib. Azərbaycan xalqı Xocalı qətliamını heç vaxt unutmayacaq.

Tədbirdə bir-birini əvəz edən musiqi, tamaşa və bədii qiraət həmin gecə yaşananları bir daha xatırladırdı. Faciənin dərin hüznünü Prezident təqaüdçüsü Çinarə Quliyeva öz rəqsi ilə, Rauf Hacıyev adına 15 nömrəli Musiqi məktəbinin şagirdi, beynəlxalq müsabiqələr laureatı Cəmil Sədizadə S.Slonimskinin “Zınqırov” əsərinin ifası ilə çatdırdı.

Bakı Uşaq Teatrının aktyorları Mehman Dilqəmoğlu və Nərminə Məmmədzadə “Xocalı” şeirini səsləndirdi. Daha sonra “Vətən” tamaşası nümayiş olundu.

Anım mərasimi L. və M.Rostropoviçlər adına 21 saylı Musiqi məktəbinin şagirdi Kənan Ağayevin təsirli çıxışından sonra səhnədə üçrəngli Azərbaycan bayrağını qaldırılması və C.Hacıyev adına 3 nömrəli Musiqi məktəbi xorunun ifasında himnimizin səsləndirilməsi ilə yekunlaşdı.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.2.