Qəzəl müsabiqəsinə yekun vurulub

 

 

 

Kürdəmir rayon Mədəniyyət Mərkəzində “Nəsimi ili” çərçivəsində gerçəkləşən “Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz, Bu quş dilidir, bunu Süleyman bilir ancaq” adlı qəzəl müsabiqəsinin yekun turu keçirilib. Müsabiqə Kürdəmir Regional Mədəniyyət İdarəsi, AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı və Kürdəmir rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbiri AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq İmadəddin Nəsiminin tərəqqipərvər, ictimai-fəlsəfi ideallarla zəngin irsindən, yüksək bədii-estetik səviyyəyə malik poeziyasından, onun yaradıcılığının Azərbaycan ədəbiyyatı tarixində yeni mərhələ təşkil etməsindən, eləcə də türkdilli xalqların ədəbiyyatına təsirindən danışıb.

Müsabiqənin ilkin turlarından seçilmiş qiraətçi şagirdlərin çıxışları dinlənildikdən sonra qaliblər müəyyənləşdirilib. Kürdəmir şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Sahilə Abdullayeva I, 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Təranə Heydərova II, 6 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Tünzalə Babayeva III yerlərə layiq görülüblər. Qaliblər fəxri fərmanlarla təltif  ediliblər.

 

S.QALİBOĞLU

 

Mədəniyyət.- 2019.- 27 fevral.- S.5.