“Mədəni irs bizi bəşəriyyətin tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir

 

İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESCO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə təşkilatın Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESCO-nun rəsmi tərəfdaşlığı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. 2018-ci ildə Dünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb, sessiyanın yüksək səviyyədə keçirilməsi təşkil olunub.

Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış edib. O, sessiya iştirakçılarını salamlayaraq bu cür mühüm toplantını qəbul etməyin ölkəmiz üçün böyük şərəf olduğunu deyib. Ölkəmizlə təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu bildirən Mehriban Əliyeva dünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını vurğulayıb. Diqqətə çatdırılıb ki, son 5 ildə ölkəmizdə 40 tarixi abidə bərpa edilib və yenidən qurulub. Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhərin, Qobustan qaya rəsmilərinin UNESCO-nun Dünya irsi siyahısına daxil edildiyini deyən Birinci vitse-prezident musiqi xəzinəmizin inciləri olan muğamın, aşıq sənətinin, qeyri-maddi mədəni irsimizin digər nümunələrinin də UNESCO-nun müvafiq siyahılarında yer aldığını vurğulayıb. Bildirib ki, Azərbaycanın UNESCO-nun dəyərlərinə və ideallarına bağlılığı onun ölkəmizin hüdudlarından kənarda da öz təzahürünü tapır. Son 10 il ərzində dünya mədəni irsinin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olub.

Mehriban Əliyeva çıxışında Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində yüzlərlə tarixi və memarlıq abidəsinin dağıdıldığını da diqqətə çatdırıb: “Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququBMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu günişğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESCO bu baxımdan mühüm rol oynamalıdır”.

Mehriban Əliyeva 2008-ci ildə Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulan və ötən müddətdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün qlobal platformaya çevrilmiş “Bakı Prosesinin, bu müstəvidə UNESCO ilə tərəfdaşlığın əhəmiyyətini də qeyd edib: “Ötən ay biz “Bakı Prosesi” çərçivəsində V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. Məmnunuq ki, UNESCO həmin mühüm təşəbbüsdə bizim əsas tərəfdaşımızdır”.

Mədəni irsin bəşəriyyətin gələcəyi üçün əhəmiyyətini vurğulayan Birinci vitse-prezident çıxışının sonunda Dünya İrs Komitəsinin 43-cü sessiyasının işinə uğurlar arzulayıb: “Mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir. Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər... Bu toplantının işinə böyük uğurlar arzulayaraq, yekunda XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin sözlərinə istinad edərək demək istərdim: “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik, əsər qalar yadigar”.

Mərasimdə çıxış edən UNESCO-nun baş direktoru Odre Azule zəngin tarixə malik Bakıda olmaqdan məmnunluğunu bildirərək Azərbaycan rəhbərliyinə səmimi qonaqpərvərliyə və üzv dövlətlərin nümayəndələri üçün yaradılan şəraitə görə minnətdarlıq edib: “Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə, UNESCO-nun Dünya irsi siyahısına daxil olan sahələrə malikdir. Bu gün axşam biz bütün dünyanın müxtəlif yerlərindən paytaxt şəhərinizə, buraya toplaşmışıq. Əslində, bunun bir tarixçəsi var. Bu, bizi bir araya gətirən dəyərlərə, ümumi tariximizə, bölüşdüyümüz məqamlara bağlıdır. Tarix boyu bəşər övladı yaşayıb-yaratmışdır. Biz müxtəlif təkamül yolu ilə inkişaf edərək yeni üfüqlərə çıxmışıq”.

Dünya mədəni irsinin hazırda həssas vəziyyətlə üzləşdiyini deyən Odre Azule qaynar nöqtələrdəki mədəni abidələrin daim UNESCO-nun nəzarətində olduğunu diqqətə çatdırıb, dünya mədəni irsinin müxtəlifliyinin qorunub saxlanmasının vacibliyini vurğulayıb. Mədəni irsin qorunmasına dair konvensiyanın xüsusi əhəmiyyətini vurğulayan baş direktor dünya əhalisini təşviq işlərində fəal olmağa çağırıb.

Baş direktor sessiya iştirakçılarına Hindistanın Əhmədabad şəhərindən olan 9 yaşlı qızı təqdim edib. Balaca qız müəllifi olduğu kitabında öz doğma şəhərindən, oradakı çoxlu tarixi abidələrdən, böyük qəhrəmanlardan bəhs etdiyini bildirib və kitabını Odre Azuleyə təqdim edib.

Mərasimdə UNESCO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun LiDünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış ediblər.

Daha sonra Azərbaycan incəsənət ustalarının ifasında ölkəmizin mədəni irsinin qədim tarixini, rəngarəngliyini nümayiş etdirən konsert proqramı təqdim olunub.

 

Mədəniyyət.- 2019.- 3  iyul.- S.1;3.