“Qırğızıstanın təbii və mədəni irsi” Bakıda

 

Dünya İrs Komitəsinin 43-cü sessiyasının keçirildiyi Bakı Konqres Mərkəzi müxtəlif ölkələrin sərgi təqdimatları üçün də əlverişli məkandır. Burada Azərbaycan mədəniyyəti və təbiətini əks etdirən fotosərgi nümayiş olunur.

Azərbaycan sərgisi ilə yanaşı, foyedə Qırğızıstanın da sərgisi təşkil edilib.

İyulun 2-də “Qırğızıstanın təbii və mədəni irsi” adlı sərginin açılış mərasimi keçirildi.

Mərasimdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Qırğız Respublikası Xarici İşlər nazirinin müavini Nuran Niyazəliyev çıxış etdilər.

Nuran Niyazəliyev çıxışında Azərbaycan və Qırğızıstan arasında münasibətlərə toxundu: “İki qardaş ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq hər zaman uğurla aparılıb. UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürümüzü bildiririk”.

Sevda Məmmədəliyeva qeyd etdi ki, Dünya İrs Komitəsinin sessiyaları təkcə rəsmi müzakirələr, görüşlər məkanı deyil. Bu çərçivədə müxtəlif tarixi, maddi-mədəni miraslara həsr olunmuş sərgilər də keçirilir. “Azərbaycanla Qırğızıstan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf edir. Bu əlaqələr iki qardaş türk xalqının tarixi münasibətləri əsasında formalaşıb. Sərgi bizə Qırğızıstan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verir”, - deyə Sevda Məmmədəliyeva bildirdi.

Sonra qonaqlar sərgi ilə tanış oldular. Sərgidə Qırğızıstanın milli keçə sənətini, milli mətbəx, geyim, xalq-dekorativ sənəti nümunələrini, eləcə də bu ölkənin heyrətamiz təbiətini əks etdirən fotolar təqdim edilir.

 

Mədəniyyət.- 2019.- 3 iyul. S. 2.