Paralel iclaslar

 

Dünya İrs Komitəsinin 43-cü sessiyasında iyulun 4-də paralel iclaslar da davam etdirildi.

Dünya İrs Komitəsinin fəaliyyətinə həsr edilən iclasda bildirildi ki, 21 ölkənin daxil olduğu komitəyə hər il bir ölkə rəhbərlik edir. Üzv dövlətlər dörd il müddətinə seçilir. Diqqətə çatdırıldı ki, hazırda Dünya irsi siyahısında 167 ölkədən ümumilikdə 1092 abidə yer alıb.

Çıxışlarda bu abidələrin qorunma vəziyyəti müzakirə olundu. Qeyd edildi ki, hazırda Dünya İrs Komitəsinin çağrı mərkəzləri və iki elektron poçtu fəaliyyət göstərir. Quruma daxil olan hər bir sorğu ətraflı cavablandırılır. Sonra komitənin son illər müxtəlif ölkələrdə reallaşdırdığı layihələr və gələcək planları barədə məlumat verildi.

Digər iclasda dini tarixi memarlıq abidələrinin qorunub saxlanılması ilə bağlı müzakirələr aparıldı. Çıxış edənlər öz ölkələrində dini tarixi abidələrin mühafizəsi və bərpası sahəsində görülən işlərə toxundular. Bildirildi ki, bu abidələr tarixiliklə yanaşı, həmin ölkənin dini inanclarını da ifadə edir. Bu baxımdan abidələrin qorunması və gələcək nəsillərə ötürülməsi zəruri əhəmiyyət kəsb edir.

Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində paralel iclaslardan biri “Mirasın qorunmasında təbiət-mədəniyyət əlaqələrində potensialın artırılması” mövzusuna həsr edilmişdi.

Tədbirdə məruzələr dinlənildi. Bildirildi ki, bu mövzuda ilk seminar 2018-ci ilin sentyabrında Yaponiyada keçirilib. Dünya İrs Komitəsi ilə birgə təşkil edilən tədbirdə təbii fəlakətlər zamanı təbii və mədəni mülkiyyətin mühafizəsində qəti addımlar, bu sahədə menecment və digər mövzular müzakirə edilib.

İclasda, həmçinin Asiya regionunun təbii və mədəni mülkiyyətinin mühafizəsi, Dünya irsi siyahısında olan ərazilərin qorunması məsələləri ilə bağlı fikirlər səsləndirildi.

 

L.AZƏRİ

Mədəniyyət.- 2019.- 5 iyul.- S. 2.