“Ürəyində arzu tut” – Gəncədə

 

Bu günlərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi Sevinc Elsevərin “Ürəyində arzu tut” birpərdəli faciəsi ilə Gəncədə qastrol səfərində oldu. Öncə deyim ki, tamaşaya maraqla baxmağa getdim. Pyes 1992-ci ilin 26 fevralında erməni şovinistlərinin Xocalıda törətdiyi soyqırımının xronoloji təqdimatından ibarətdir. Azərbaycan xalqının qan yaddaşının, zaman-zaman başımıza gətirilən müsibətlərin unudulmaması və gənc nəsillərə çatdırılması baxımından bu kimi pyeslərin səhnə həyatı qazanması təqdirəlayiqdir.

Tamaşa haqqında danışmazdan əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixinə qısa nəzər salmaq istərdim. Bu sənət ocağı 1882-ci ildə fəaliyyətə başlayıb. Həmin ilin aprelində İrəvanda azərbaycanlı teatr həvəskarları tərəfindən Vasaq Mədətov Nəzminin “Tamahkarlıq düşmən qazanır” pyesini tamaşaya qoyması barədə tarixi faktlara rast gəlirik. 1885-ci ildə İrəvana gələn Qori seminariyasının məzunu Firidun bəy Köçərli 1886-cı ildə Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyasının tamaşasını təşkil etməklə İrəvan əhalisinin həyatında böyük bir mədəni hadisənin canlanmasını təmin edib. 1895-ci ildə Firidun bəy Köçərli İrəvanı tərk etdiyindən teatra Yunis Nuri rəhbərlik edibo, 1945-ci ilə kimi İrəvan teatrının tarixində unudulmaz izlər qoyub. 1909-1916-ci illər ərzində teatrın repertuarında bir-birindən maraqlı pyeslər təqdim olunub. 1918-ci ildə daşnakların qətliamları nəticəsində teatrın yaradıcı kollektivi yerindən-yurdundan didərgin düşərək İranın Xoy şəhərində məskunlaşıb. 1922-ci ildə kollektiv geri dönüb. Bu illər ərzində Bala Əfəndiyev, Əkbər Rzayev, Rza Şeyxzadə, Abbasəli Axundov, Əşrəf Yusifzadə, Yusif Ziya, Nəsib Əfəndiyev kimi milli mədəniyyət təəssübkeşləri İrəvan teatrının inkişafı naminə əvəzsiz xidmətlər göstəriblər. 1928-ci ildə teatra dövlət statusu verilib, 1935-ci ildən isə bu sənət məbədi görkəmli dramaturq Cəfər Cabbarlının adını daşıyıb. 1948-ci ildə İrəvan və onun ətraf rayonlarında yaşayan soydaşlarımızın Azərbaycana deportasiyası nəticəsində 1949-cu ildə yaradıcı kollektiv Göyçə mahalının Basarkeçər rayonuna köçürülüb. Bir ildən sonra isə teatrın fəaliyyəti dayandırılaraq əvəzində həmin bazanın əsasında xalq teatrı təşkil olunub. Nəhayət, 1967-ci ildə Yunis Rzayev və Şıxəli Qurbanovun ciddi səyləri nəticəsində Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yenidən yaradılaraq paytaxt İrəvan şəhərinə köçürülüb. 1988-ci ildə isə növbəti dəfə İrəvan (və bütün Ermənistan) ərazisindəki azərbaycanlılar kimi, yaradıcı kollektivtarixi yurd yerimizdən didərgin salınaraq Azərbaycana pənah gətirib...

İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu illər ərzində hər zaman milli dramaturgiyamıza, dünya ədəbiyyatı klassiklərinə, eləcə də müasir müəlliflərə müraciət etməklə repertuar zənginliyini qoruyub saxlayır. Gəncə teatrsevərləri qarşısında teatrın baş rejissoru, Əməkdar artist Sərvər Əliyevin quruluşunda təqdim olunan “Ürəyində arzu tut” tamaşası da bunun təzahürüdür.

Pərdə açılarkən sadə görünüşlü, yataqxana təəssüratı yaradan bir otaqda iki qadın baş verənləri danışmaqla Xocalıda hadisələrin necə cərəyan etməsindən söhbət açır, yaşanan zülmü dilə gətirirlər. Xatirə obrazında Əməkdar artist Xatirə SüleymanovaŞirin obrazında aktrisa Ruhiyyə Eyvazovanın yaratdıqları surətlər bir-birindən fərqli, ancaq baş verən hadisələrə biganə qalmayan azərbaycanlı qadını kimi vəziyyətlər halına uyğun olaraq təqdim olunur. Xatirə Arzunun Xocalıda itkin düşməsindən, sonra əsirlikdə olması xəbərindən sarsılsa da, onu daha bu evin gəlini kimi görmür.

Erməni vəhşiləri tərəfindən əsirlərə hansı işgəncələr verilməsini əsas götürərək oğlu Murada da onu unutmağı aşılayır. Qırmızı Xaç Cəmiyyəti vasitəsilə Arzu tərəfindən yazılan məktubun oxunuşu ilə başlanan hadisələr sonradan rejissor traktovkasında daha dolğun bir formada aktyor ifasında tamaşa boyu təqdim olunur.

Şirin obrazında aktrisa Ruhiyyə Eyvazovanın ifası isə bu hadisələri kənardan seyr edən, hətta ara-sıra dili dinc dayanmayan atmacalı sözləri ilə aranı sakitləşdirmək əvəzinə daha da yanan odun üstünü alışdırmaq bacarığının nümayiş olunması da maraqla izlənilir. Murad – gənc aktyor Bəhruz Hikmətoğlunun təqdim etdiyi bu obraz bir qədər sakit təbiətli, baş verən hadisələri soyuqqanlılıqla qarşılamaqla ailə üzvlərinə də vəziyyətdən çıxış yolunun heç də qınaq obyekti olmadığını bildirməsi ilə diqqəti cəlb edir. O, Xocalıda baş verənlərə görə Arzunun günahkar olmadığını anlatmağa çalışsa da, anası Xatirəni fikirlərindən daşındıra bilmir. O, məcburən öz sevgisindən əl çəkməklə yeni bir ailə həyatı qurmaq məcburiyyətində qalır. Arzu. Xocalı faciəsinin və dəhşətlərinin canlı şahidi. O, əsirlikdən gəlib. Erməni şovinizmi onun gəncliyini məhv edib. Aktrisa Şəbnəm Cəbrayılovanın ifasında bu obraz ilk gəlişindən dəhşət saçan Xocalı harayını özüylə səhnəyə gətirmiş olur. Onun görünüşü və hərəkətləri məhz hadisələrin burulğanında məhv olan bir azərbaycanlı qızının və azərbaycanlı ailəsinin harayı, hayqırtısı kimi təqdim olunur. Başına gətirilən olmazın müsibətlərini söylədikcə aktrisa vəziyyətləri düzgün ifadə etməklə tamaşaçını inandıra bilir. Onun səhnədə əzablı günlərinin şahidi oluruqbir an belə halına acımamaq mümkünsüzdür. Gənc aktrisanın ifası maraqla qarşılanır.

Pyes boyu Xocalı boyda bir ağrını daxilində yaşayan Həsrət kişi obrazını aktyor Məhərrəm Musayev ifa edir. O, hadisələri ağsaqqal müdrikliyidözümü ilə qarşılasa da, sonda Arzunun əsirlikdən azad edilərək gətirilməsinə və onun halına biganə qala bilmir. Həsrət kişi səhnədə diz çökməklə sanki zamanın gərdişinin qarşısında insan zülmünün, əzablarının məhvinə hayqırır. Bacısı qızı Arzunundoğma övladı olan Muradın qarşısında bir valideyn olaraq məsuliyyətinin ağırlığını göstərməklə baş verənlərə qarşı isə aciz, əlacsız və miskin görünür. Aktyor öz ifası ilə obrazın daxili aləminin təqdimində erməni vəhşiliklərinin unudulmayacağını göstərə bilir.

Aktrisa Sevinc Hüseynovanın ifasında həkim Şəfayət xanım obrazı Arzunun yenidən həyata qovuşması, fikir və arzularının reallaşması və müalicəsi üçün var qüvvəsi ilə çalışan, xeyirxah və alicənab bir qadın surəti olaraq diqqəti cəlb edir. O öz məsləhətləri ilə Arzunu yenidən həyatda qüvvətli və qürurlu bir qadın olmağa səsləyir, müəyyən anlarda ona yardım edir. Bütün bu sadalananlar aktrisanın ifasında maraqla baxılır.

Aktyor Niyaməddin Səfərəliyevin oynadığı Yusif obrazı isə hər zaman hadisələrə soyuq baxışlarla baxan, söz danışmaqdan qorxan və çəkinən bir surət olaraq təqdim olunur. O, hətta həyat yoldaşı olan Şirinin hərəkətlərinə nəzarət etmək istəsə də, əslində bunu bacarmır və onun bir baxışından belə sözünün kəsərinin olmadığını göstərir.

Maraqla izlənilən surətlərdən biri də Azaddır. Bu obrazı aktyor Arzuman Tanrıverdili ifa edir. Azad əsirlikdən qayıdan Arzunu sevir. Ancaq onun Xocalı faciəsində əsir düşən olmazın zülmünü görən bir qadın olmasından xəbərsizdir. O öz sevgisini bildirmək üçün Arzunun evinə gəlir. Hadisələr bu zaman daha da şiddətlənir. O, baş verənlərdən xəbər tutan zaman aldandığını söyləyir. Arzunu qınamaqla sanki bütün həyatını varlığını qınayır. Azadın bu hərəkəti sonda Arzunun intiharı ilə nəticələnir.

İntihar səhnəsi maraqlı bir detalla tamaşaçıya təqdim olunur. Onun əlində olan rəngli kəlağayı paklıq rəmzi olaraq göstərilməklə boynunun ölçüsünə gətirilir aktrisa Şəbnəm Cəbrayılova bu ölçüdən qarşı tərəfə boylanmaqla sanki gələcək arzularına baxır. Bu arzuların isə heç uğurlu bir tale qisməti olaraq yaşanmadığı tamaşaçıya təqdim edilir.

Quruluşçu rejissor Sərvər Əliyev səhnə traktovkasında cərəyan edən hadisələri bir məkan çərçivəsində sadə bir formada təqdim edir. O həm bununla aktyor ifasına geniş meydan verir. Sadə bir mizanla dolğun fikirlərin formalaşmasının qədər çətin olduğunu anlayan rejissor bununla da səhnədə aktyorla tamaşaçı arasında olan səddi aradan götürməyə müvəffəq olur.

Son olaraq bir daha qeyd etmək istərdim ki, Sevinc ElsevərinÜrəyində arzu tut” pyesi Azərbaycan xalqının qan yaddaşının yaşadılması baxımından ən uğurlu əsərlərdən biri kimi qiymətləndirilməlidir.

 

Anar BURCƏLİYEV

Teatrşünas

Mədəniyyət.-2019.- 10 iyul.- S. 7.