Sessiya çərçivəsində görüşlər

 

Azərbaycan-Özbəkistan mədəni əlaqələri müzakirə olunub

 

İyulun 6-da Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Özbəkistanın mədəniyyət nazirinin müavini Kamola Akilova ilə görüşüb.

Kamola Akilova dost ölkədə gördükləri səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Azərbaycan və Özbəkistan arasında əlaqələrdən söz açıb. O, iki ölkənin bir çox sahələrdə sıx münasibətlər qurduğunu deyərək mədəniyyət sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikirlərini diqqətə çatdırıb. Bildirib ki, Özbəkistan Mədəniyyət Nazirliyi Azərbaycanla birgə layihələr reallaşdırmaq niyyətindədir. Bunun üçün ikitərəfli memorandumun imzalanmasına ehtiyac var. Qonaq “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunda da görüş keçirdiklərini, oradakı təcrübə ilə tanış olduqlarını vurğulayıb, bu istiqamətdə birgə sazişin imzalanması barədə düşündüklərini deyib.

Nazir müavini Sevda Məmmədəliyeva diqqətə çatdırıb ki, Özbəkistanın ikitərəfli mədəni əlaqələri daha da inkişaf etdirmək niyyəti məmnunluq doğurur və Azərbaycan tərəfi bu xüsusda lazım olan sənədlərin hazırlanmasına və layihələrin həyata keçirilməsinə hər zaman hazırdır. Qeyd olunub ki, Özbəkistanda Azərbaycanın Mədəniyyət Mərkəzi fəaliyyət göstərir və çoxsaylı layihələr həyata keçirir. Sevda Məmmədəliyeva Özbəkistanda ənənəvi olaraq keçirilən “Şərq təranələri” festivalında Azərbaycan musiqiçilərinin uğurlu çıxışından da söz açıb.

Nazir müavini qarşılıqlı əlaqələrimizin qədim köklərə, mədəniyyətlərimizin ortaq dəyərlərə malik olduğunu vurğulayaraq bildirib ki, islam mədəniyyətinə malik, türksoylu xalqlar kimi hər zaman bir-birimizə yaxın olmuşuq. Bu gün əsas məqsədimiz gənclərimiz arasında mədəniyyətimizi təbliğ edərək bu qardaşlığı daha da inkişaf etdirməkdir.

 

 

 

Beynəlxalq “İpək Yolu layihəsi”nin nümayəndə heyəti ilə görüş

 

 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında iştirak edən beynəlxalq “İpək Yolu layihəsi”nin nümayəndə heyəti ilə də görüşüb.

Görüşdə UNESCO Dünya İrs Mərkəzinin AsiyaSakit okean ölkələri bölməsinin rəhbəri Feng Çinq, Çinin Cunqa Universitetinin Milli irs mərkəzinin direktoru, İCOMOS-un Çin bölməsinin vitse-prezidenti Lui Jo və Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun direktoru Dmitri Voyakin iştirak edib.

Qonaqları salamlayan Sevda Məmmədəliyeva Azərbaycan mədəniyyəti haqqında söz açıb, tarixi İpək Yolunun mədəniyyətimizə təsirindən danışıb. Diqqətə çatdırıb ki, əsrlər boyu bu ticarət yolu ilə təkcə iqtisadi deyil, həm də mədəni əlaqələr inkişaf edib, mədəniyyətlərin mübadiləsi prosesi baş verib. Bu da İpək Yolu üzərində olan ölkələrin mədəniyyətinə öz təsirini göstərib, oxşar ənənələrin yaranmasına səbəb olub: “Hazırda biz bu oxşar elementlərlə bir-birimizi daha yaxşı başa düşürük və mədəniyyətlərarası dialoqa böyük töhfə vermiş oluruq. Bu baxımdan beynəlxalq “İpək Yolu layihəsi”nin inkişafı ölkələr arasında əlaqələrin güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir”.

 

Görüşdə iştirak edən Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının baş katibi, səfir Elnur Sultanov ölkəmizin bu layihədə yaxından iştirak etməsində maraqlı olduğunu deyib, bunun üçün bir sıra praktiki əməkdaşlıq platformasının da müzakirə edildiyini vurğulayıb.

Daha sonra çıxış edən qonaqlar Azərbaycanın İpək Yolu üzərində, Xəzər sahili ölkələrlə əməkdaşlıq baxımından mühüm strateji mövqeyə sahib olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycanın bu layihədə yaxından iştirakı üçün ölkəmizə mütəmadi dəstək göstəriləcək.

 

 

Mədəniyyət.-2019.- 10 iyul.- S.4.