“Ədəbiyyatın sabahına gedən yol

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası günlərində təşkil olunan mədəniyyət tədbirlərindən biriAbdulla Şaiqin mənzil-muzeyində gerçəkləşib.

“Ədəbiyyatın sabahına gedən yol” mövzusunda dəyirmi masa muzeyin və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə reallaşıb.

Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə qonaqları salamlayaraq tədbirin bu məkanda keçirilməsinin təsadüfi olmadığını vurğulayıb, görkəmli ədib Abdulla Şaiqin hər zaman gənc yazarlara dəstək verdiyini, bu qayğıkeşliyi ilə yaddaşlarda qaldığını deyib.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri İntiqam Yaşar da çıxışında neçə-neçə nəsillərin Abdulla Şaiqin əsərləri ilə böyüdüyünü diqqətə çatdırıb.

BDU-nun dosenti Təranə Turan Rəhimli türk yazarlarının dünya ədəbi mühitində daha çox tanınmasının vacibliyindən söz açıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva və gənc yazarlar Abdulla Şaiqin ədəbi fikir tarixində xüsusi xidmətlərindən danışıblar.

Gənc şairlər şeirlərini oxuyublar. Sonda iştirakçılar  muzeyin ekspozisiyasını ziyarət ediblər..

 

Mədəniyyət.- 2019.- 12 iyul. S. 4.