Tələbələr Bolqarıstanda festivala qatılıblar

 

Bolqarıstanın Plovdiv şəhərində keçirilən “Birlikdə yaradıcılıq” festivalında ölkəmizi Azərbaycan Dillər Universitetinin tələbələri Lalə Rüstəmli və Bəyaz Hüseyn təmsil edib.

Frankofon Universitetlər Agentliyi tərəfindən təşkil olunmuş festival Orta və Şərqi Avropada fransız dilində təhsil alan tələbələr arasında keçirilib.

Məlumat üçün qeyd edək ki, festivalda 17 ölkədən təmsilçilər iştirak edib. Tələbələrimiz  tərəfindən ölkəmizin ərazisi, regionları, iqtisadiyyatı, mədəniyyəti, mətbəxi, qeyri-maddi mədəni irsi haqqında təqdimat nümayiş olunub. Həmçinin tədbirdə milli süfrə hazırlanıb. Digər tədbir iştirakçılarına  suvenirlər və kitablar hədiyyə olunub.

Tədbirdə “Nəlbəki” və UNESCO-nun siyahısına daxil edilmiş “Yallı” milli rəqsləri ifa olunub.

 

Mədəniyyət.-2019.- 17 iyul.- S.5.