“Nəsimi ili”: klassik ədəbi irsə müasir baxış

 

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

İyulun 12-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında  “Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Müsabiqə Mədəniyyət Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə gerçəkləşib.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Rafiq Bayramov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, ölkənin aparıcı mətbuat orqanlarının rəhbərləri iştirak edirdilər.

Tədbirin əvvəlində bədii hissə təqdim edildi. İmadəddin Nəsiminin qəzəlləri səsləndirildi, muğam ifaçılarının dahi şairin qəzəlləri üstündə təqdim etdikləri  musiqi nömrələri alqışlarla qarşılandı.

Tədbir çərçivəsində Mədəniyyət Nazirliyinin mətbu orqanı olan “Mədəniyyət” qəzetinin yeni çapdan çıxan “İmadəddin Nəsimi 650” adlı xüsusi buraxılışı da təqdim edildi.

Məlumat verildi ki, böyük şairin 650 illiyi və 2019-cu ilin “Nəsimi ilielan edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamlarının icrası ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər Planı hazırlanaraq icra olunmaqdadır. Şəhər (rayon) mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgisi, bədii qiraət, rəsm müsabiqələri keçirilir. Bu tədbirlər nazirliyin mətbu orqanı olan “Mədəniyyət” qəzetində davamlı şəkildə işıqlandırılır. Nəfis tərtibatlı, 48 səhifədən ibarət xüsusi buraxılış dahi şairin yubileyinə, “Nəsimi ili”nə töhfə olmaqla bərabər, respublikamızda, eləcə də xarici ölkələrdə bu mövzuda keçirilən tədbirləri, mədəniyyət layihələrini məcmu halda oxuculara təqdim edir.

Jurnalist yazıları müsabiqəsi haqqında verilən məlumatda qeyd olundu ki, müsabiqə Prezident İlham Əliyevin “Nəsimi ili” ilə bağlı 11 yanvar 2019-cu il tarixli sərəncamından irəli gələrək Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığı, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyəti nəzərə alınaraq bu mövzuda jurnalist araşdırmalarını və yazılarını stimullaşdırmaq məqsədilə keçirilib.

Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev səhnəyə dəvət olundu. Nazir çıxışında bildirdi ki, Mədəniyyət Nazirliyinin hər il Milli Mətbuat Günü ərəfəsində jurnalist yazıları müsabiqəsi keçirməsi ənənəvi hal alıb: “Lakin builki təqdimat keçən illərdəkindən bir sıra nüanslarına görə fərqlənir. Çünki bu müsabiqə böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunub. Onu da diqqətinizə çatdırım ki, “Nəsimi ili” ilə bağlı keçirilən tədbirlər bununla yekunlaşmayacaq. Şəhər və rayonların mədəniyyət müəssisələrində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgiləri və digər tədbirlər ilin sonuna kimi davam edəcək”.

Nazir vurğuladı ki, dahi şairin yubileyi və “Nəsimi ilinin bu ilə təsadüf etməsinin xüsusi əhəmiyyəti var: “İki gün sonra Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 ili tamam olur. O vaxt Heydər Əliyev respublika rəhbərliyinə gəlməsəydi, bu gün nə Nəsiminin yubileyini belə təmtəraqla, beynəlxalq səviyyədə qeyd edərdik, nə də başqa dahilərimizi dünyaya tanıdardıq. Məlumdur ki, Azərbaycan xalqının keçdiyi yola bəşəriyyətin verdiyi qiymət heç də hər zaman istədiyimiz kimi olmamışdır. Ona görə də Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə qayıdışı dünyaya sübut edir ki, biz böyük mədəniyyətə malikik”.

Əbülfəs Qarayev bildirdi ki, ümummilli lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyə gəldikdən sonra ilk addımlarından biri xalqımızın böyük şairi Nəsiminin adının dünyada tanıdılması olub. Ulu öndərin təşəbbüsü və səyləri ilə 1973-cü ildə dahi şairin anadan olmasının 600 illiyi UNESCO-da təntənə ilə qeyd olunub: “İndi isə UNESCO-nun mötəbər tədbirləri Azərbaycanda keçirilir. Bu da Azərbaycanın yarım əsrdə keçdiyi möhtəşəm inkişaf yolunun göstəricisi, ölkəmizlə bu təşkilat arasında əlaqələrin möhkəm özülünün təsdiqidir”.

 

Nazir müsabiqədə qalib olan jurnalistləri təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı.

 

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli çıxış edərək hər il Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan müsabiqələrdən söz açdı, bu əməkdaşlığa görə nazirliyə təşəkkürünü bildirdi, habelə media və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində fəal roluna görə nazir Əbülfəs Qarayevə minnətdarlıq etdi. O, tədbirin əvvəlində təqdim olunan bədii hissənin iştirakçılarda xoş əhval-ruhiyyə yaratdığını da xüsusi vurğuladı.

Müsabiqə haqqında danışan icraçı direktor qeyd etdi ki, müsabiqəyə 23 kütləvi informasiya vasitəsindən 36 yazı daxil olub. Yazılar ekspertlər tərəfindən oxunub və qiymətləndirilib. Müsabiqənin nəticələrinə əsasən, 16 jurnalistin yazısı mükafata layiq görülüb.

 

Daha sonra qalib jurnalistlər mükafatlandırıldı.

 

Xalq cəbhəsiqəzetinin müxbiri Elçin İmaməliyev (Qaliboğlu) birinci (1000 manat), “Mədəniyyətqəzetinin müxbiri Gülcahan Umudlu “525-ci qəzet”in müxbiri  Şahanə Mahmudzadə ikinci yerə (800 manat) layiq görüldülər. Kaspiqəzetinin müxbiri Fərid Hüseynov, “Şərqqəzetinin redaktoru Ayyət Abdullayev Bakı-Xəbərqəzetinin baş redaktor müavini Samirə Səfərova isə üçüncü yerin (500 manat) sahibi oldular. On nəfər jurnalistə isə həvəsləndirici mükafat (200 manat) təqdim edildi.

Mükafatların təqdim olunması zamanı çıxış edən millət vəkili Hikmət Babaoğlu Nəsimi irsinin təbliğinə xidmət edən müsabiqənin əhəmiyyətini vurğuladı, həmçinin bu mərasimin ulu şairin söz dünyasının zənginliyini, dərinliyini bir daha diqqətə çatdıran musiqili-ədəbi kompozisiya ilə süslənməsinə görə xüsusi minnətdarlığını ifadə etdi.

Sonda çıxış edən nazir Əbülfəs Qarayev qarşıdan gələn 22 iyulMilli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

 

Fariz HÜSEYNOV

Mədəniyyət.-2019.- 17 iyul.- S.4.