Muğam dünyasına səyahət”

 

 

Fəaliyyətinin 10 ilini tamamlayan Beynəlxalq Muğam Mərkəzi (BMM) sənətsevərlərə yay hədiyyəsi hazırlayıb. Bir çox teatr-konsert müəssisələri sənət mövsümünü başa vursa da, BMM yay boyu Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə “Muğam dünyasına səyahət” layihəsini həyata keçirəcək.

Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə idarənin tabeliyində olan mədəniyyət mərkəzlərində reallaşacaq.

“Muğam dünyasına səyahət” silsiləsindən ilk tədbir paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yeni təmir olunan Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində reallaşıb. Konsertdə xanəndələr Hüseyn Məlikov, Gülzar Fərəcova, Sədəf Budaqovanın çıxışları gur alqışlarla müşayiət olunub. Xanəndələri tarda Saleh Salahov, kamançada Fərrux Haşımlının rəhbərliyi ilə ansambl müşayiət edib. Proqram qəsəbə sakinlərinə xoş əhvallı yay istirahəti bəxş edib.

Növbəti konsertlər 19 iyulda Qaradağ rayonunun Qobustan qəsəbəsində Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində, 9 avqustda Binəqədi Mərkəzi Mədəniyyət evində, avqustun 27-də Mərdəkan Mədəniyyət sarayında keçiriləcək.

 

LALƏ

Mədəniyyət.-2019.- 17 iyul.- S.3.