Marneulidə Nəsimi poeziya günü

Marneulidə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş poeziya günü keçirilib. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkil etdiyi tədbirdə ziyalılar, məktəblilər iştirak edib.

GAİM-in icraçı direktoru Aygül İsayeva çıxış edərək Nəsiminin yaradıcılığı barədə məlumat verib. Faxralı kənd Arif Əliyev adına 1 nömrəli ictimai məktəbin müəllimləri Fatma Əliyeva,  Səyyad Allahverdiyev, Səmayə Musayeva Nəsimi poeziyasının fəlsəfəsindən söhbət açıb, şairin yaradıcılığı barədə məruzə ilə çıxış ediblər.

Nəsiminin 650 illik yubileyinin Azərbaycanda, eləcə də xarici ölkələrdə azərbaycanlılar tərəfindən layiqincə qeyd olunduğu vurğulanıb. Bildirilib ki, şairin şeirləri müxtəlif dillərə, o cümlədən gürcü dilinə tərcümə edilib. Nəsimi əsərləri istedadlı tərcüməçi Oqtay Kazımov və gürcü şairi Zezva Medulaşvili tərəfindən tərcümə edilərək gürcü oxucularına çatdırılıb. Tədbirdə mükəmməl tərcümə üçün hər iki tərcüməçiyə təşəkkür edilib.

Sonra məktəblilər Nəsiminin şeir və qəzəllərini söyləyiblər. “Nəsimi” filmi nümayiş etdirilib.

 

Mədəniyyət.- 2019.- 19 iyul. S. 2.