Qədim məscidin qalıqları aşkarlanıb

AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun Numizmatikaepiqrafika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Akif Quliyevin rəhbəri olduğu Şamaxı-Ağsu arxeoloji ekspedisiyası tərəfindən Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində qədim məscidin qalıqları aşkar edilib. Aparılan tədqiqatlarda müşahidəçi və bələdçi qismində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Yasin Nuriyeviştirak edib.

ArxeologiyaEtnoqrafiya İnstitutundan bildirilib ki, aşkar edilmiş məscidin divarları, günbəzinin və mehrabının hissələri günümüzə qədər gəlib çıxıb. Məscid qayaçay daşlarından inşa edilib. Tikilinin üzəri sıx kollarla örtüldüyündən abidə uzun müddət nəzarətdən uzaq qalıb. Tarixən abidə yerli sakinlər tərəfindən müqəddəs ziyarətgah kimi qəbul edilib.

Rəvayətə görə, bu qəbiristanlıqda Məhəmməd peyğəmbərin yaxın silahdaşı Şeyx Təmim əl-Dari dəfn edilib. O, Məhəmməd peyğəmbərin zamanında Şirvana gələrək İslam dinini yaymış və öldükdən sonra burada, məscidin yanında dəfn edilmişdir. Sonralar şeyxin qəbirinin ətrafında yerli sakinlər öz yaxınlarını dəfn edərək buranı qəbiristanlığa çevirmişlər.

Bununla belə, ekspedisiya rəhbərinin bildirdiyinə görə, mənbələrdə Şeyx Təmim əl-Darinin qədim Şirvanda olması haqqında məlumata rast gəlinmir. “Ərazidə aparılacaq geniş arxeoloji tədqiqatlar məscid kompleksinin dövrünün təyin edilməsi və məzarın kimə məxsus olması məsələsinə aydınlıq gətirəcək”, – deyə A.Quliyev bildirib.

 

 Mədəniyyət.- 2019.- 19 iyul. S. 6.