“Şairə ithaf”

 

   Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir

 

Mədəniyyət Nazirliyinin Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə keçirdiyi, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş “Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir.

Müsabiqədə Rəssamlar İttifaqının üzvləri, o cümlədən respublikada fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin magistr tələbələri iştirak edə bilərlər. Təqdim olunacaq əsərlərə Mədəniyyət Nazirliyi və Rəssamlar İttifaqının mütəxəssislərindən və tanınmış rəssamlardan ibarət komissiya tərəfindən baxılacaq. Qaliblərə heykəltəraşlıq, rəngkarlıq, qrafika (o cümlədən kitab qrafikası), dekorativ-tətbiqi sənət nominasiyaları üzrə mükafat və diplomlar təqdim olunacaq.

Bağlı zərfin içində iştirakçı rəssamın soyadı, adı, atasının adı, təvəllüdü, telefon nömrələri, əsərin adı, ölçüsü və texnikası qeyd olunmalıdır. Təhvil verilən hər bir əsərin arxa tərəfində, “deviz”, “şifr” qeyd edilməlidir. Kitab qrafikası üzrə əsərlər A3 və A4 formatında tərtibatsız-çərçivəsiz təqdim edilməlidir.

Əsərlər oktyabrın 10-dan 15-dək Azərbaycan Dövlət Rəsm Qalereyasına (Bakı şəhəri, Neftçilər prospekti, 49, Muzey Mərkəzinin 1-ci mərtəbəsində 11-ci otaq, əlaqə telefonları: +994 12 493 93 85, 493 86 33) təqdim olunmalıdır.

 

 

Mədəniyyət.- 2019.- 26 iyul. S. 3.