Yaratdığı heykəllərdə yaşayan sənətkar

 

Münəvvər Rzayeva-90

 

 

 

Mikayıl Müşfiqin, Ayna Sultanovanın büst-abidələri, AMEA-nın Nizami adına Milli Ədəbiyyat Muzeyində Bəhmənyar və Nəsiminin (ağac) heykəlləri və s. Tanınmış heykəltəraş, Əməkdar rəssam Münəvvər Rzayeva paytaxtımızda  və bölgələrdə ucaldılan onlarla heykəl və büstün müəllifidir. Sənətkarı 90 illik yubileyi münasibətilə yada saldıq.

Münəvvər Məcid qızı Rzayeva 6 iyun 1929-cu ildə Şuşa şəhərində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyub. 1956-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsini bitirib.

M.Rzayeva 1943-cü ildən müxtəlif sərgilərin iştirakçısı və 1953-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. O həmçinin Mədəniyyət Nazirliyində Dövlət Komissiyasının üzvü, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərib. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, M.S.Ordubadinin ev-muzeyi və digər mədəniyyət ocaqlarında saxlanılır.

Özünəməxsus dəst-xəttə malik heykəltəraş olan M.Rzayeva əsasən psixoloji portret ustası kimi tanınıb. Yaratdığı obrazların daxili aləmini, psixoloji durumunu əks etdirmək üçün xüsusi incəlik və dolğunluq nümayiş etdirib. Görkəmli tişə ustasının istedadı, zəngin təxəyyülü və texniki ustalığı sayəsində qranit, mərmər, bürünc, ağacs. materiallardan istifadə edərək yaratdığı heykəllərdə bədii ideyanın orijinallığı hər kəsdə maraq doğurur. Əsasən sənət adamlarının heykəlləri, o cümlədən dövlət xadimləri və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyefs. işləri yüksək qiymətləndirilib. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmətin büstləri onun yaradıcılığında ayrıca yer tutur. Araşdırmalarda qeyd edilir ki, görkəmli sənətkarın yaratdığı heykəllərin hər bir detalı obrazın ümumi ideyasının açılmasına xidmət edir. Gəncə şəhərində ucaldılan şairə Nigar Rəfibəylinin, S.Yeseninin ev-muzeyində şairin əli ürəyinin üstündə təsvir olunduğu büstü emosionallığı ilə seçilən işlərdir. Bu baxımdan Məhsəti Gəncəvinin Ədəbiyyat Muzeyində saxlanılan heykəli də öz emosionallığı ilə diqqət çəkir. Şairənin islam təəssübkeşləri tərəfindən daim təqib və tənqid olunmasından doğan daxili narahatlığı əsərdə sənətkarlıqla verilib. O, heykəl haqda danışarkən deyirmiş ki, Məhsətinin obrazını yaratmaq onun 20 ilini alıb.

Ümumiyyətlə, M.Rzayeva öz əsərlərinin plastikasında bütün detallara  diqqətlə yanaşıb. Yaratdığı heykəllərdə gözlərin ifadəliliyinə ustalıqla nail olub.

Monumental heykəllərində baxışların mənası heykəldən heykələ dəyişib. Belə ki, M.Müşfiqin, A.Sultanovanın gözlərində donub qalan qorxu pambıqyığan maşın sürücüsü S.Qazıyevanın obrazındakı ötkəm, qalib baxışlarla əvəz olunur.

M.Rzayeva 2004-cü ildə vəfat edib. Sənətkarın ömrü onun yaratdığı əsərlərin ömrü qədərdir. Görkəmli heykəltəraş da yüksək zövqlə ərsəyə gətirdiyi abidələrdə yaşayır.

 

Savalan FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 5 iyun.- S.6.