Mikayıl Müşfiqin anadan olmasının 111-ci ildönümü qeyd edilib

 

 

 

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin (1908-1938) doğum günü Xızıda qeyd olunub. 111 il əvvəl dünyaya göz açan nakam şairi anmağa gələnlər Mikayıl Müşfiqin Sayadlar kəndindəki xatirə muzeyinin qarşısında toplaşıblar.

Anım mərasimində rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Süleymanova, Əməkdar müəllim, şairə Ofeliya Babayeva, muzeyin direktoru Orxan Əzimov və başqaları çıxış edərək görkəmli şairin irsinin gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində, vətənpərvərlik hislərinin artırılmasında əvəzsiz mənbə olduğunu qeyd ediblər.

Bildirilib ki, Müşfiqin şeirləri yaşlı nəsillə bərabər, gənclərin də dilinin əzbəridir. Onun “Yenə o bağ olaydı”, “Oxu, tar” və digər şeirləri poeziya xəzinəsinin inciləri sırasındadır. Mikayıl Müşfiq milli folklordanklassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə dərin lirizmə malik, doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələr yaradıb. Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilmiş günahsız insanların xatirəsinin rəmzi kimi də xalqın yaddaşında yaşamaqdadır.

Tədbirdə Xızı məktəbliləri şairin şeirlərindən parçalar oxuyub, yerli incəsənət nümayəndələri musiqilər ifa ediblər.

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.6.