Ölkəmizin mədəni müxtəlifliyinə həsr olunan sərgi

 

 

 

Müasir İncəsənət Muzeyində Hollandiyanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə “Azərbaycanın mədəni müxtəlifliyi” mövzusunda fotosərgi açılıb. Sərgidə fotoqraflar Arien Zvart, Ramina Boçarova, Rüstəm Hüseynov, Vaqif Muğallı, Arif Quluzadə, Ciordano Sotiriou, Onno Kerverskinooperator Ülvi Mehdinin Azərbaycanın Astara rayonunun Sim kəndində çəkdikləri fotoları nümayiş olunub.

Fotolar kəndin özünəməxsus həyatını, yerli mədəniyyətini və adət-ənənələrini əks etdirir.

İyunun 7-də keçirilən açılış mərasimində Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov çıxış edərək sərginin əhəmiyyətindən söhbət açıb. Sərgidə Azərbaycanın mədəni müxtəlifliyinin əks olunduğunu söyləyən muzeyin müdiri əsas məqsədin ölkəmizdəki tolerantlığın, multikulturalizmin təbliği olduğunu vurğulayıb.

Bu kimi tədbirlərin iki ölkə arasında münasibətlərin inkişafında böyük rol oynadığını deyən X.Abdinov sərginin ərsəyə gəlməsində hollandiyalı fotoqraflarla yanaşı, azərbaycanlı fotoqrafların da zəhməti keçdiyini vurğulayıb.

Hollandiyanın ölkəmizdəki səfiri Onno Kervers qeyd edib ki, bu sərginin iki mənası var. Birincisi, fotoqraflar bu əsərləri ilə gözəl təcrübə qazanıblar. İkincisi isə Sim kəndinin mədəni irsini önə çəkiblər. Sərgi onu göstərir ki, Azərbaycanın mədəniyyəti özünəməxsusdur.

Sonra fotolara baxış keçirilib. Sərgi iyunun 28-dək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.8.