Rəşid Behbudovun xatirəsi anılıb

 

 

İyunun 9-da görkəmli müğənni, Azərbaycanın və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Rəşid Behbudovun (1915-1989) xatirə günü münasibətilə sənətkarın Fəxri xiyabandakı məzarı ziyarət olunub.

Mərasimdə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcov çıxışında diqqətə çatdırıb ki, böyük müğənninin ölümündən 30 il keçir. Lakin bu illər ərzində günümüz, demək olar ki, Rəşid Behbudovsuz keçməyib. Çünki onun qoyduğu sənət ölməzdir. Dahi sənətkarın kinoteatr sahələrində, yaratdığı Mahnı Teatrında gördüyü işlər yaşayır. Gənclər böyük Rəşidin işlərini məhəbbətlə davam etdirirlər. “Əlbəttə, böyük sənətkarlar həyatdan gedəndə böyük təəssüf hissi keçiririk. Onların yeri dolmur, onlar əvəz olunmur. Ancaq bir həqiqət də var ki, hər bir böyük sənətkar bir günəş kimidir və neçə-neçə gənclər onun işığına boylanır”, - deyə S.Fərəcov vurğulayıb.

Dövlət Mahnı Teatrının solisti, Xalq artisti Gülyanaq Məmmədova R.Behbudovun böyük sənətinin davamçılarından biri olması ilə fəxr etdiyini bildirərək deyib: “Bu böyük sənətkarın ifa etdiyi mahnıları repertuarımda həmişə yenidən canlandırmağa çalışıram. Ölkəmizdə və xaricdə Rəşid Behbudov sənətinin pərəstişkarları bu mahnıları rəğbətlə qarşılayırlar”.

Rəşid Behbudov Fondunun rəhbəri Kamil Şahverdiyev qeyd edib ki, “Youtubeda Rəşid Behbudov kanalı açılıb. Orada onun mahnıları yer alır. Bu kanal qısa bir zamanda 50-dən çox ölkədə populyarlaşıb.

K.Şahverdiyev onu da vurğulayıb ki, Amerika Federal Poçt Xidməti tərəfindən Rəşid BehbudovunÜzeyir Hacıbəylinin şərəfinə poçt markaları buraxılıb. Bu, onu göstərir ki, bu dahi insanlar Azərbaycanı indi də təbliğ edirlər.

Sonda R.Behbudovun məzarı üzərinə qərənfillər düzülüb və əklil qoyulub.

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.6.