İstəsən, tənhalığı da məzhəkəyə çevirmək olar

 

 

 

İyunun 8-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında yeni tamaşa oynanıldı. Teatrın aktyoru, 55 yaşını yeni yaradıcılıq eksperimenti ilə qeyd edən Əməkdar artist Fuad Osmanovun ilk quruluşçu rejissorluq təcrübəsi olan “Tənhalıq komediyası” tanınmış fransız dramaturqu Patrik BessonunTaksiçi” və “Heyvanların dialoqu” pyesləri əsasında hazırlanıb.

Tamaşada Xalq artisti Səfa Mirzəhəsənov, teatrın aktyorları Murad Məmmədov, Ramil Əliyev, Həcər Ağayeva, Elmar Ələkbərov, Oleq Əmirbəyov çıxış edirlər. İncə fransız yumoru ilə dolğun tamaşanın birinci hissəsi “Taksiçipyesi üzərində qurulub. Cavan, savadlı, yaraşıqlı, amma heç yerdə işləməyən, alfonsluğu özünə həyat tərzi seçmiş Rişar (Murad Məmmədov) ilə keçmiş boksçu, mütaliəni çox sevən, nümunəvi ailə başçısı, həyata pozitiv münasibəti ilə öz gecə sərnişinindən yerlə göy qədər fərqlənən Taksiçinin (Ramil Əliyev) mənzil başına çatanadək etdikləri söhbət və yada saldıqları xatirələr...

İkinci hissə birinci hissədən tanıdığımız Rişar və Yaraşıqlı (Elmar Ələkbərov) qarşılaşdıqları ünvanda – qonağı olduqları, tamaşaçının yalnız barəsində eşitdiyi Sarışın qadının qonşusu Morisin (“Heyvanların dialoqu”) öz qoca pişiyi 21 yaşlı Bob (Oleq Əmirbəyov) ilə tənhalıq haqqında polemikası üzərində qurulub. Sevimli Martanın (Həcər Ağayeva) vəfatından sonra tənhalıqdan sıxılan Moris bu mənzildə yeni bir sahibənin peyda olmaq ehtimalı barədə Bobla dərdləşir. Bob pişik isə heç kimi görmək istəmir: “Ya o, ya da mən. Mən güzəştə getmək üçün çox qocalmışam” deyə öz sahibinə ultimatum da verir. Digər tərəfdən, Martanın ruhunun arada bu mənzildə zühur etməsi tənha Morisi çaşbaş qoyur.

Tamaşanın bədii tərtibatçısı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, rəqslərin quruluşçusuplastik həllin müəllifi Həcər Ağayeva, musiqi tərtibatçısı Teymur Abdullayevdir.

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.4.