Gəncliyi dəstəkləyək ki, səsimiz hər eldən gəlsin...

 

 

Artıq ikinci konsert mövsümüdür ki, musiqisevərlər paytaxtımızın konsert məkanlarında gənc ifaçıları kəşf etməklə məşğuldurlar.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə həyata keçirilən “Gənclərə dəstək” layihəsi istedadlı gənclərə öz məharətini göstərmək üçün səhnə verib. Hər ay ən azı iki dəfə keçirilən müxtəlif tematik konsertlərdə ömrünü musiqiyə həsr etməyə qərarlı onlarla gənc çıxış edib.

Filarmoniyanın Kameraorqan musiqisi zalında iyunun 10-da təqdim olunan hesabat konsertibu xüsusda istisna olmadı. Konsertdə respublika və beynəlxalq miqyaslı sənət yarışı və müsabiqələrdə fərqlənmiş gənc ifaçılar çıxış edirdi.

Əgər səhnədə orqan varsa, üstəlik məkanın da adı bu möhtəşəm alətin adı ilə bağlıdırsa, deməli, konsertdə ilk musiqi nömrəsinin orqanda ifa edilməsi gözləniləndir. Gənc ifaçı Ülkər Əsədova dünya çapında orqan musiqisinin ən gözəl nümunələrini yaratmış İ.S.Baxın “Xoral si minor” əsərini ifa etdi. Adı çoxsəsli ruhani nəğməsi anlamına gəlsə də, təkcə orqanda solo çalınan bu xoralın doğurduğu təəssürat böyük idi.

Konsert barədə təəssüratımızı cəmi bir neçə kəlməyə sığışdırası olsaq, deyə bilərik ki, Avropa və Azərbaycan klassik musiqisinin korifeyləri ilə yanaşı, bizim çağdaş bəstəkarların da əsərləri proqramda yer almışdı. Gənc ifaçıların Frits Kreysler, Frederik Şopen, Moris Ravel, Feliks Mendelson, Niyazi, Həsən Rzayev, Adil Bəbirov kimi bəstəkarların əsərləri ilə yanaşı, Tutu Hüseynova, Pikə Axundova kimi cavan, İlahə İsrafilova kimi çox gənc bəstəkarların da yaradıcılığına müraciəti təqdirəlayiqdir.

Cəlil Həziyev və Emil Qurbanovun tarda, Ümid Bağırzadənin fleytada, Fatimə Məmməd, Şükufə Əlizadə və Fidan Vəliyevanın (hər üçü pianoda), Səriyyə Nəsibova və Liza Kizelin violində solo ifaları alqışlarla qarşılandı. Aqşin Əlizadənin “Cəngi”si Azərbaycan Milli Konservatoriyası nəzdində Respublika İncəsənət Gimnaziyasının qanun kvartetinin ifasında indiyədək eşitmədiyimiz incəliklə çalındı.

Ümidvarıq ki, iki il ərzində Bakının konsert salonlarında gerçəkləşən “Gənclərə dəstək” layihəsi ölkə paytaxtı ilə yekunlaşmayacaq, regionlarda klassik musiqinin, yaxın-uzaq xaricdə isə Azərbaycanın təbliğatçısı olaraq davam edəcək.

 

Gülcahan MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.1;3.