Dünya memarları Bakıda toplaşıb

 

 

Paytaxtımızda Beynəlxalq Memarlıq Forumu və Beynəlxalq Memarlar İttifaqının növbədənkənar Baş Assambleyası keçirilib

 

Heydər Əliyev Mərkəzində “Tarixi şəhərlərdə kütləvi turizm” mövzusunda Beynəlxalq Memarlıq Forumu keçirilib. İyunun 7-də işə başlayan forum Mədəniyyət Nazirliyi və Azərbaycan Memarlar İttifaqının dəstəyi, Beynəlxalq Memarlar İttifaqının (BMİ) iştirakı ilə reallaşıb. Mərkəzin foyesində mövzu ilə bağlı sərgi təşkil edilib.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov ölkə başçısının forum iştirakçılarına təbrik məktubunu oxuyub.

Prezident İlham Əliyevin təbrik məktubunda memarlıqla bağlı ilk beynəlxalq forumun unikal memarlıq abidələri və eyni zamanda, modern üslublu binalarla zəngin, təkrarsız görkəmə malik Bakı şəhərində təşkili yüksək qiymətləndirilib. “Bu, şəhərsalma və memarlığı özünəməxsus inkişaf yolu keçmiş çoxəsrlik Azərbaycan mədəniyyətinə ehtiramın təzahürüdür. Turizmin müasir problemləri, o cümlədən dövrümüzün reallıqları ilə yaxından səsləşən kütləvi turizm fenomeni ətrafında müzakirələrin məhz belə tarixi məkanda aparılması forumunuza aktuallıq qazandırır”, - deyə məktubda vurğulanır.

Qeyd olunur ki, Azərbaycanın təbii sərvətləri və rəngarəng coğrafi landşaftı, zəngin mədəni irsi və yenilənmiş infrastrukturu ölkəmizi turizm baxımından cəlbedici edir. Bu potensial nəzərə alınaraq respublikamızda turizm sektorunun inkişafı ən prioritet hədəflərdən biri elan edilib. Məqsəd təbiət abidələrimizi və xalqımızın böyük keçmişinin izini yaşadan qədim mədəniyyət yadigarlarını geniş miqyasda tanıtmaqdır.

Məktubda daha sonra vurğulanır ki, Azərbaycanda müstəqillik illərində memarlıq və şəhərsalma sahəsində sosial inkişafın əsası kimi qiymətləndirilən mühüm işlər görülüb. Bu işlərin uğurla gerçəkləşdirilməsi memarlarımızın fəaliyyəti ilə sıx əlaqəlidir. Onlar ölkəmizdə mədəni özünəməxsusluğun qorunub saxlanması və əcdadlardan qalma mirasın gələcək nəsillərə layiqli şəkildə çatdırılması naminə var qüvvələri ilə çalışırlar. Son illər memarlarımızın xüsusən tarixi şəhərlər və kütləvi turizm arasında ahəngdarlığın təmin edilməsi üçün Beynəlxalq Memarlar İttifaqı ilə münasibətləri zəminində göstərdiyi təşəbbüs və atdığı addımlar təqdirəlayiqdir.

Dövlət başçısı ümidvar olduğunu bildirib ki, forum bu əməkdaşlığın daha da dərinləşməsi və yeni istiqamətlərin müəyyənləşməsinə xidmət edəcək.

 

Tarixi şəhərlərdə kütləvi turizm və memarlıq irsinin qorunması

 

Tədbiri Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Əməkdar memar Elbay Qasımzadə açaraq rəhbərlik etdiyi təşkilatın Beynəlxalq Memarlar İttifaqının işində fəal iştirak etdiyini, Bakıda memarlıq sahəsində beynəlxalq əhəmiyyətli tədbirlər, müsabiqə və festivallar keçirdiyini qeyd edib. Diqqətə çatdırılıb ki, üç gün ərzində davam edəcək forumun sessiyalarında tarixi irsin istifadəsi və mühafizəsi, turizmin iqtisadiyyata, istehlakçıların vərdişlərinə, şəhər infrastrukturuna təsiri müzakirə olunacaq, tarixi şəhərlərdə kütləvi turizmə nəzarət edilməsi məsələləri araşdırılacaq. Turizm nəinki tarixi irsə ziyan vurmayacaq, hətta tarixi irs turizmdən faydalanacaq.

Qeyd edilib ki, forumun keçirilməsi ötən il martın 29-da Prezident İlham Əliyevin BMİ-nin ali rəhbərliyi ilə görüşü zamanı qərara alınıb. Forumun əsas məqsədi turizmin sürətli inkişaf istiqamətlərini öyrənmək, mədəni irsin qorunması üçün mövcudpotensial ictimai siyasəti təhlil etmək, bu günün memarlığını sabahın mirası olaraq nəzərdən keçirmək, UNESCO-nun dünya irsinin statusu üçün müasir memarlıq siyahısını hazırlamaq, davamlı turizmə dair müvafiq qaydaları, kütləvi turizmin təsir etdiyi tarixi şəhərlərin şəbəkəsini yaratmaqdır.

Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonye, BMT-nin Dünya Turizm Təşkilatının Turizm bazarının təhlili və rəqabətliliyi departamentinin baş mütəxəssisi Miçel Julian çıxış edərək tədbirin əhəmiyyətini, aparılacaq müzakirələrin tarixi şəhərlər və turistlər arasında informasiya ahənginə nail olmaq baxımından vacibliyini vurğulayıblar.

UNESCO-nun Dünya İrsi Mərkəzinin direktoru Mextild Rössler videomüraciətlə tədbirin işinə uğurlar arzulayıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında forumun BMİ-nin tarixində mühüm hadisə kimi qalacağını söyləyib. O, əminliyini ifadə edib ki, qonaqlar Azərbaycan memarlıq nümunələri ilə tanış olmaqla yanaşı, onun tarixi, müasir abidələrini ziyarət edərək maraqlı, yaddaqalan günlər keçirəcəklər. Nazirin sözlərinə görə, tədbirin digər əhəmiyyəti isə Azərbaycan mədəniyyətinin, tariximüasir memarlıq abidələrinin dünyaya tanıdılmasından ibarətdir.

Ölkəmizin qədim maddi-mədəni abidələri barədə məlumat verən nazir son illər şəhər və qəsəbələrimizin abadlaşdırılması, onların memarlıq simasının zənginləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işləri diqqətə çatdırıb. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin tarixi və memarlıq irsinin qorunması və bərpası işinə böyük diqqət ayırdığı vurğulanıb.

Əbülfəs Qarayev qeyd edib ki, ölkəmiz yaxın vaxtlarda növbəti beynəlxalq tədbirə - UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi edəcək. Dünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biridir.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev belə tədbirlərin turizmin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

***

Çıxışlardan sonra forum “Memarlıq irsinin istifadəsi və qorunub saxlanması” mövzusunda sessiya ilə davam edib. Sessiyada tarixi şəhərlərin bərpası və ya qorunub saxlanması üçün lazımi mexanizmlərin tətbiq olunması məsələləri müzakirə edilib.

Qeyd edək ki, foruma 100-dən çox ölkədən 350-yə yaxın qonaq gəlib. Forum çərçivəsində paralel olaraq 4-cü Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin, iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının Şura iclasının və iyunun 11-də növbədənkənar Baş Assambleyasının keçirilməsi qərara alınıb.

İyunun 9-da Bakıda “Tarixi şəhərlərdə kütləvi turizmmövzusunda keçirilən Beynəlxalq Memarlıq Forumunun bəyannaməsi imzalanıb. Sənədi Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə və Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonye imzalayıblar.

Elbay Qasımzadə üçgünlük forum çərçivəsində əhəmiyyətli müzakirələrin aparıldığını bildirib. Tomas Vonye Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini vurğulayıb və əmin olduğunu bildirib ki, keçirilən müzakirələr turizmin inkişafına, eləcə də tarixi abidələrin qorunmasına öz töhfəsini verəcək.

 

Beynəlxalq Memarlar İttifaqının cari və gələcək fəaliyyəti

 

İyunun 11-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Memarlar İttifaqının (BMİ) növbədənkənar Baş Assambleyası keçirilib.

İclasın gündəliyi təsdiq olunduqdan sonra Beynəlxalq Memarlar İttifaqının fəaliyyəti barədə təşkilatın prezidenti Tomas Vonyenin hesabatı dinlənilib.

Tədbirdə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri və BMİ-nin Şura üzvü Elbay Qasımzadə çıxış edərək Bakıya gəlib bu tədbirlərdə iştirak etdiklərinə görə Assambleya üzvlərinə təşəkkürünü bildirib.

Sonra BMİ-nin keçmiş prezidenti Esa Mohamedin, eləcə də təşkilatın baş katibi Serban Tiganasın hesabatları dinlənilib.

Toplantı zamanı BMİ-nin tərkibini müəyyən edən beş regionun vitse-prezidentləri çıxış edərək təmsil etdikləri region üzrə üzv ölkələrin memarlar birliklərinin fəaliyyəti barədə məruzələrlə çıxış ediblər.

Daha sonra BMİ-nin maliyyə hesabatı barədə məlumat verilib.

Beynəlxalq Memarlar İttifaqının Memarlıq təhsili komissiyasının fəaliyyəti barədə Maqda MostafaMarilis Nepomeçye, Peşəkarlıq praktikası komissiyasının fəaliyyəti barədə Ceyms RaytÇjuan Veymin, Beynəlxalq müsabiqələr komissiyasının fəaliyyəti barədə Regina QontyerYeji Qroxulski, Dayanıqlı inkişaf məqsədləri komissiyasının fəaliyyəti barədə Natali Mossinİştiyaq Zahir hesabatlarla çıxış ediblər.

Həmçinin BMİ-nin işçi proqramlarının fəaliyyəti barədə hesabatlar da dinlənilib.

UNESCO-nun Dünya Memarlıq Paytaxtı, 2020-ci ildə Rio-de-Janeyroda keçiriləcək 27-ci və 2023-cü ildə Kopenhagendə keçiriləcək 28-ci Dünya Konqresi barədə məlumatla tanış olan Assambleya üzvləri müzakirə olunan məsələlər barədə  fikirlərini bölüşüblər.

Assambleya üzvləri “Tarixi şəhərlərdə kütləvi turizmmövzusunda ilk forumun Bakıda yüksək səviyyədə keçirilməsinin gözəl nümunə olduğunu və paytaxtımıza BMİ-nin “Memarlıq Forumu şəhəri 2019” statusunun verildiyini qeyd ediblər.

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.1;3.