Məktəblilərin yaradıcılıq festivalı başa çatdı

 

 

“Yetişən nəslin yaradıcı potensialını üzə çıxarmaq üçün münbit şərait lazımdır”

 

Respublika miqyasında ilk dəfə məktəblilərin yaradıcılıq festivalı keçirilib. İyunun 10-da Beynəlxalq Muğam Mərkəzində festivalın yekunlarına həsr olunmuş tədbirdə layihə barədə ətraflı məlumat verildi.

Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə reallaşan festivalın əsas məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək layihəyə qatılan təşkilatlara və şagirdlərə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, ölkəmizdə ilk dəfə təşkil olunan festival şagirdlərin hərtərəfli inkişafı və mədəni səviyyəsinin yüksəldilməsində böyük əhəmiyyətə malikdir: “Belə layihələr şagirdlərə şəxsiyyət kimi formalaşmasında müsbət təsir göstərir. Şagirdlərin hərtərəfli formalaşması onların gələcəkdə ixtisas seçimlərində müstəqil olmalarına şərait yaradır. Məktəblilərin bilik səviyyəsinin artırılması ilə yanaşı, onların estetik zövqlərinin inkişafı da mühüm vəzifələrdəndir. Mədəniyyət və incəsənətin müxtəlif sahələri ilə məşğul olan şagirdlərdə mədəni irsimizə yaxşı münasibət formalaşır”.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev iştirakçıları salamlayaraq gənc yaradıcı şagirdlərin bir araya gəlməsini yüksək dəyərləndirdi.

Vaqif Əliyev bildirdi ki, gənclərin yaradıcı potensialını nümayiş etdirmələri eyni zamanda yeni ideya və fikirlərə gətirib çıxarır: “Hər bir şagirdin yaradıcı potensialını üzə çıxarmaq üçün münbit şərait yaratmaq lazımdır. İlk dəfə keçirilən festival da məhz bu ideyaya xidmət edir. Festival nəticəsində hər bir şagird öz marağı istiqamətində olan sahə üzrə bacarığını nümayiş etdirir və gələcəkdə öz yolunu seçmək imkanı qazanır”.

Vurğulandı ki, Mədəniyyət Nazirliyi istedadlı uşaqların üzə çıxarılması, onların istedadının dəstəklənməsini daim diqqətdə saxlayır: “Gənc musiqiçilər, rəssamlar, aktyorlar öz fəaliyyətlərini sərgi və müsabiqələrdə, festivallarda təqdim etmək imkanı qazanmalıdırlar. Sənətin yekun nəticəsi onun tamaşaçıya təqdim edilməsidir. Bu baxımdan da festivalların keçirilməsi böyük önəm kəsb edir”.

Vaqif Əliyev festivalın bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi, şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev çıxışında festivalın məktəblilərdə ekoloji mədəniyyətin və düşüncə tərzinin formalaşması, ətraf mühitin mühafizəsi və ekoloji təcrübəçilik sahəsində fəaliyyətin artırılmasında rolunu diqqətə çatdırdı.

Qeyd edək ki, üç istiqamət – ekologiya, dram, təsviri və dekorativ sənət sahələri üzrə keçirilən festivalda 600-dək ümumtəhsil müəssisəsindən 4700-dən çox şagird iştirak edib. Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yeddi zona üzrə 50 rayondan seçilmiş 214 işi münsiflər heyətinə təqdim edib.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, mərkəzin bədii rəhbəri Zərif Bəkirova, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova, Xalq rəssamı Arif Hüseynov, “Azərbaycanfilm” kinostudiyasının rejissoru, aktyor Kamal Yaşar, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, şəhər və rayon uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin regional idarələrinin nümayəndələrindən ibarət münsiflər heyəti işləri dəyərləndirib.

Tədbirin sonunda qaliblərə diplom mükafatlar təqdim olundu.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 12 iyun.- S.1-2.