Birinci vitse-prezident Mehriban Əliyeva 2 nömrəli Uşaq incəsənət məktəbindəki şəraitlə tanış olub

 

 

 

İyunun 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbindəki şəraitlə tanış olub.

Mədəniyyət naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məktəb haqqında məlumat verib.

Bildirilib ki, təhsil müəssisəsi 1940-cı ildə 1 nömrəli uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. Məktəbə 1985-ci ildə Vaqif Mustafazadənin adı verilib. 1988-ci ildən isə 2 nömrəli uşaq incəsənət məktəbi kimi fəaliyyətini davam etdiribburada əlavə şöbələr açılıb.

Qeyd edilib ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq incəsənət məktəbini bir çox məşhurlar bitirib. Görkəmli bəstəkarlar Arif Məlikov, Aqşin Əlizadə, Oqtay Zülfüqarov, Oqtay Rəcəbov, xalq artistləri Kamil Cəlilov, Ağaverdi Paşayev və Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş bir çox sənətkarlar bu məktəbdə təhsil alıblar. Məşhur cazmen Vaqif Mustafazadə 1949-1956-cı illərdə məktəbin fortepiano şöbəsində oxuyub.

Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya ixtisasları, nəzəriyyə və tədris köməkçi fənləri ixtisası üzrə 385 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur.

Məktəbin şagirdləri müxtəlif respublika və beynəlxalq müsabiqələrdə, festivallarda uğurla iştirak edərək yüksək nəticələr əldə edirlər. Məktəbin yerləşdiyi bina indiyədək əsaslı təmir edilməyib.

Birinci vitse-prezident Mehriban Əliyeva məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verib.

 

Mədəniyyət.- 2019.-14 iyun.- S.2.