Nəsimi poeziyası Dərbənddə səsləndi

 

 

Bakı Uşaq Teatrı Dərbəndə birgünlük qastrol səfəri edib. İyunun 10-da teatr qədim şəhərdə “Nəsimi ili – Nəsimi dili” kompozisiya-tamaşasını göstərib. Teatrın mətbuat xidmətindən verilən məlumata əsasən, səfər Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının və Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin dəvəti ilə reallaşıb.

Uğurla keçən tamaşadan sonra ADDT-nin direktoru Firdovsi Əsgərov, teatrın quruluşçu rejissoru Yaqut Xandadaşova, “Dərbənd şəhəri” dairəsinin administrasiya başçısının müavini Vidadi Zeynalov, şəhər Mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsinin baş mütəxəssisi Gülpəri Mirzəbalayeva, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirli Nəsimi poeziyası ilə ünsiyyət imkanına görə Bakı Uşaq Teatrının kollektivinə təşəkkür ediblər. Teatrın direktoru, Əməkdar artist İntiqam Soltana təşəkkürnamə təqdim edilib. Teatrın qastrolunun təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə  minnətdarlıq bildirilib.

Dərbəndlilərin ünvanına xoş sözlər ünvanlayan İ.Soltan öz növbəsində ADDT-nin direktoru F.Əsgərova, baş rejissoru Sərvər Əliyevə, Dağıstanın Əməkdar artisti Əlimövsüm Abasova, aktyor Sərxan Səmədova, Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Tahirliyə diplomlar təqdim edib.

Xatırladaq ki, bu ilin aprel ayında Bakı Uşaq Teatrının təşəbbüsü ilə paytaxtımızda keçirilmiş beynəlxalq “Nəsimi ili – Nəsimi dili” festivalında Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrı da iştirak etmişdi.

 

GÜLCAHAN

 

Mədəniyyət.- 2019.-14 iyun.- S.5.