Ulu öndərin böyük mədəniyyət sevgisi qürurla yaşadılır

 

 

 

“Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”

                                                                                                                                                               Heydər Əliyev

Hər bir xalqın, dövlətin tarixində həyati dönüm nöqtəsi mütləq var. Azərbaycan xalqı da istisna deyil. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan ilk anlardan azadlığın, suverenliyin qürursevincini yaşamağa həsrət qaldı. Bir tərəfdən bədnam qonşuların ölkəmizə qarşı işğalçılıq müharibəsi aparması, ərazilərimizin itirilməsi, digər tərəfdən daxili çəkişmələr yenicə istiqlalını elan edən respublika üçün, sözün əsl mənasında, fəlakət, yolun sonu idi.

Yaranmış xaosda yelkənsiz gəmini xatırladan ölkənin, çarəsiz xalqın müdrik yolgöstərənə, xilaskara ehtiyacı vardı. Xoşbəxtlikdən həmin şəxsiyyətin adı, şöhrəti və ünvanı bəlli idi. Bu, ömrünün böyük bir hissəsini ölkəsinin və xalqının inkişafına həsr edən görkəmli siyasətçi və dərin dövlətçilik təcrübəsi olan Heydər Əliyev idi.

Müdrik dövlət xadimi həyatının bütün dönəmlərində xalqının yanında olmuşdu. Təbii ki, xalqımız da çətin günlərində onun səbatına, uzaqgörənliyinə arxalanmaqda haqlı idi. Məhz bu həyati vacib məqamda - 15 iyun 1993-cü ildə xalqın çağırışı ilə hakimiyyətə qayıdan Heydər Əliyev dövlətçilik təcrübəsi, xalqdan aldığı böyük güc və dəstəklə Azərbaycanı qorxunc bəladan xilas etmək missiyasını öz üzərinə götürdü. Qısa müddət ərzində ilk növbədə ölkə daxilindəki nifaq aradan qaldırıldı, ölkəmizə qarşı işğalçılıq müharibəsində atəşkəsə nail olundu. Daxili sabitliyin əldə edilməsi ilə ölkənin gələcəyi barədə nikbinlik yaranmağa başladı. 1993-cü ilin 15 iyun tarixi Azərbaycan xalqının və dövlətçiliyinin taleyində uçurumdan qurtuluşa və davamlı yüksəlişə keçid oldu. Böyük siyasətçi Heydər Əliyev milli qurtuluşun baş qəhrəmanı kimi xalqımızın ümummilli liderinə çevrildi.

***

Təəssüf ki, ölkənin xaos dövründəki ağır vəziyyəti, bütün sahələr kimi, mədəniyyət və incəsənətimizi də inkişafdan saxlamışdı. Heydər Əliyevin uzun illərə söykənən idarəçilik təcrübəsi bu sahədə də dirçəlişi təmin etdi. İctimai-siyasi sabitlik mədəniyyət sahəsinin də ahəngdar inkişafına münbit şərait yaratdı. Mədəniyyət sisteminin möhkəm təməllər üzərində qurulması keçid dövrünün çətin sınaqlarından qısa müddət ərzində üzüağ çıxmağa imkan verdi.

Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə mədəniyyət, incəsənət, ədəbiyyat sahələri mühüm inkişaf yolu keçmişdi. Bu sahələrdə çalışan tanınmış insanlar Heydər Əliyevin timsalında özlərinin himayədarlarını görürdülər. Bu diqqət və qayğı müstəqillik dövründə də mədəni və ədəbi irsimizin, təsviri sənətin, kino və teatrın inkişafına zəmin yaratdı. Böyük dövlət xadiminin himayədarlığı və gərgin səyləri nəticəsində Azərbaycan incəsənəti və təsviri sənəti dünya miqyasında tanınıb. Şair və yazıçıların, mütəfəkkirlərin geniş çevrələrdə tanıdılması, yubileylərinin keçirilməsi, rəssamlıq və heykəltəraşlıqdan musiqiyədək bir çox sahələrdə monumental sənət əsərlərinin yaradılması mədəniyyət tariximizin dəyərli səhifələridir.

Uzaqgörən siyasətçi mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Buna görə də mövcud zənginlikləri yaşatmaqondan yetərincə yararlanmağın vacib sayırdı. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”, - deyən müdrik şəxsiyyət mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün geniş perspektivləri olan bir sistemin formalaşmasına çalışırdı.

Ulu öndər Heydər Əliyev mədəniyyətlə nəfəs alır, həyatını musiqidən, sənətdən kənarda təsəvvür etmirdi. Böyük siyasətçinin mədəniyyətlə bu qədər iç-içə olmağının, sözsüz ki, köklü səbəbləri vardı. Ümummilli liderin vaxtilə dediyi “Mədəniyyət və incəsənət kiçik yaşlarımdan qəlbimdə xüsusi yer tutur. Bəlkə də, gənclik illərində arzum rəssam olmaq, yaxud teatra getmək idi, amma qismət başqa cür oldu. Ona görə də hamısı qəlbdən gəlir” fikirləri onun sənət yanğısının mənbəyini aydın şəkildə bəyan edir.

***

Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə mədəniyyət sahəsində 10-dan artıq qanun qəbul edildi və onların icrası bu sahənin kompleks inkişafı üçün mühüm baza rolunu oynadı. Bundan əlavə, mədəniyyət sahəsinin inkişafını gücləndirən dövlət proqramları qəbul olundu. Heydər Əliyevin 22 iyun 1996-cı il tarixli fərmanı ilə “Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”nın təsis edilərək onların Prezidentin xüsusi təqaüdünə layiq görülməsi istedadlı gənclərin yaradıcılığının stimullaşdırılmasında müstəsna rol oynadı. İndiyədək musiqi, xoreoqrafiya, rəsm sahələrində xüsusi istedadı olan 124 gəncin adı bu kitaba yazılıb.

Ulu öndərin sovet Azərbaycanına rəhbərliyi dövründə mədəniyyətimizin inkişafına mühüm töhfələr vermiş insanların ev və xatirə muzeylərinin yaradılması, adlarının əbədiləşdirilməsi, abidələrinin qoyulması, məqbərələrinin tikilməsinə nail olunmuşdu. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza kimi ədəbiyyat və mədəniyyət xadimlərinin SSRİ-nin ən yüksək fəxri ad və təltiflərinə layiq görülmələri məhz bu böyük azərbaycanlının təqdimatı ilə reallaşmışdı.

Ümummilli liderin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin UNESCO-nun yubileylər siyahısına daxil edilməsi və 1973-cü ildə geniş qeyd olunması Azərbaycanın söz, fikir tarixinin önəmli bir səhifəsinin beynəlxalq miqyasda təbliği baxımından böyük hadisə idi. Bundan əlavə, dahi şair Məhəmməd Füzulinin 500 illik yubileyinin İraq, İran, Türkiyə, FransaRusiyada, dünya şöhrətli müğənni Bülbülün 100 illik yubileyinin Moskvada, Tiflisdə və Ankarada, unudulmaz bəstəkar Qara Qarayevin 80 illik yubileyinin Moskva və Parisdə, Rəşid Behbudovun 80 illik yubileyinin Moskvada, “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin UNESCO səviyyəsində qeyd olunması Azərbaycanın mədəni-mənəvi dəyərlərinin dünya birliyində uğurlu təqdimatı kimi təqdirəlayiq addımlardır.

2000-ci ildə İçərişəhərin Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi həm də Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun təsdiqi idi. Ümummilli lider tərəfindən Milli Kino, Üzeyir Musiqi, Azərbaycan Əlifbası və Ana Dili günlərinin təsis edilməsi haqqında fərmanların imzalanması milli mədəni irsə sonsuz məhəbbətdən xəbər verir.

***

Ulu öndərin xalqımızın minillik etnik-mədəni sisteminə həssas münasibəti və diqqət və qayğısı, ümumilikdə mədəniyyət siyasəti bu sahənin gələcəyinin etibarlı təminatçısıdır. Bu gün Prezident İlham Əliyev Heydər Əliyevin müdrik siyasətini, o cümlədən mədəniyyət himayədarlığını layiqincə davam etdirir. Mədəni irsimizin dünya miqyasında təbliğ olunmasına xüsusi diqqət yetirilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva çoxəsrlik mədəni mirasımızın həqiqi qayğıkeşi olduğunu əməli işlərlə sübuta yetirib. Bunun ən gerçək göstəricisi Azərbaycanın qeyri-maddi mədəni irsinin 13  nümunəsinin UNESCO-nun siyahılarında bəşəri status qazanmasıdır. Milli musiqi ənənələrinin, muğam sənətinin qorunması və inkişaf etdirilməsi dövlətimizin bilavasitə himayəsi altındadır. Paytaxtda və bölgələrdə muğam mərkəzləri tikilib istifadəyə verilib, bu ulu mirasın yaşadılması məqsədilə müsabiqə və festivallar keçirilir. Bir sözlə, ulu öndər Heydər Əliyevin böyük mədəniyyət sevgisi bu gün layiqincə və qürurla yaşadılır.

“Mədəniyyət”

 

Mədəniyyət.- 2019.-14 iyun.- S.4.