Unudulmaz sənətkarın xatirəsinə

 

 

 

Korifey sənətkarlar pleyadasının axırıncı mogikanlarından biri, görkəmli teatrkino aktrisası, 54 il müddətində milli teatrkino sənətinin aparıcı simalarından olmuş Amaliya Pənahovanın doğum gününü ilk dəfə onsuz qeyd etdik.

Yaşasaydı 15 iyunda 74 yaşını qeyd edəcəkdi sevimli sənətkarımız. Ömrünün son illərində amansız xəstəliklə mübarizə aparır, eyni zamanda öz teatr layihələrini reallaşdırmağa çalışırdı. Kənardan hamı onun gördüyü işlərə heyranlıqla baxırdı. Elə mən də. O, teatrla bağlı hər bir işi sevgi və məhəbbətlə görürdü. Elə bil harasa tələsirdi. Yaşından asılı olmayaraq bütün aktyorları öz övladı qədər sevir və onları hər zaman sevindirməyə çalışırdı.

Onun səhnədə yaratdığı “Sən həmişə mənimləsən”də Nargilə, “Pəri caduda Pəri, “Oqtay Eloğluda Firəngiz, “Vaqif”də Xumar, “Nişanlı qız”da Şəlalə və Zərifə, “Təhminə və Zaurda Təhminə, “Xurşudbanu Natəvan”da Natəvan, “Mənim günahım”da Ayqız, “Unuda bilmirəm”də Nərmin, “Mahnı dağlarda qaldı”da Şahnaz, “Bizim qəribə taleyimiz”də Nərmin, “Qəribə oğlanda Kəmalə, “Şeyx Xiyabani”də Mahnur, “Tənha iydə ağacı”nda Sürəyya, “Sevgililərin cəhənnəmdə vüsalı”nda Mədinə, “Məkr və məhəbbət”də Luiza, “Cehizsiz qız”da Larisa, “Nazirin xanım”da Anka, “Medeyada Medeya, “Meşşanlarda Tatyana, “Qanlı Nigarda Nigar və digər rollar, televiziya və bədii filmlərində yaratdığı rəngarəng obrazlar hər zaman yada düşür. M.Əlizadənin “Mən gözəl deyiləm”, Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, M.BayciyevinDuel”, N.Hikmətin “Bayramın son gecəsi”, J.Koktonun “İnsanın səsi”, L.ZorininVarşava təranələri”, R.Qasımovanın “Ömrün yollarında”, M.F.Axundzadənin “Lənkəran xanının vəziri”, İ.Əfəndiyevin “On manatlıq lüstr”, M.İbrahimovun “Mədinənin ürəyi” və başqa teletamaşalarda baxımlı və yaddaqalan obrazlar qalereyası hər zaman göz qarşısında canlanır. Amaliya xanımın istedadı “Babək” (Zərnisə), ”Arxadan vurulan zərbə” (Ziba), “Həyat bizi sınayır” (Münəvvər), “Xatirələr sahili” (Xalidə), “Qərib cinlər diyarında” (Zərri), “Mən mahnı qoşuram” (Sonanın anası), “Gözlə məni” (Fəxrəndə) və sair bədii filmlərdəki obrazlara rəngarənglik, bədii bütövlük və təravət verib. Bəzən insan inana bilmir ki, bütün bu bədii obrazlar qalereyasını yaradan eyni aktrisadır. Bəli, bu insan, bu sənətkar, yarım əsrdən artıq ömrünü sənətə bəxş etmiş, xoş siması, gözəl görkəmi və səsi ilə yaddaşlara həkk olunmuş unudulmaz Amaliya xanım Pənahovadır. Onun sənət ulduzu çox erkən – 19 yaşında parladı və ömrünün sonuna qədər sönmədi. Özündən sonra seçib, teatra dəvət etdiyi istedadlı aktyorlardan ibarət Bakı Bələdiyyə Teatrı adlı sənət ocağını bizə yadigar qoyub getdi...

Həyatımda bir neçə insanla görüşdüyüm üçün taleyimdən çox razıyam. Onlardan biri də hər zaman sənətinə rəğbət bəslədiyim Amaliya Pənahovadır. Təəssüflər olsun ki, taleyim məni onunla gec görüşdürdü. O, Bələdiyyə Teatrı üçün mənə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı epik janrda əsər sifariş etmişdi. Yeri gəlmişkən qeyd edim ki, bu da təsadüfi olmamışdı. Haqqımda ona ətraflı məlumatı yazacağım əsərin rejissoru olacaq Xalq artisti Mərahim Fərzəlibəyov vermişdi. Mən əsəri yazmağa başladım və bir neçə dəfə Mərahim müəllimlə birgə Amaliya xanımla görüşüb, hazır hissələri ona oxuyur və məsləhətlər alırdım. Bu görüşlər əsnasında mən onun həyatsevərliyinə, dünyagörüşünə, sənət sahəsindəki dərin bilgisinə, yumor hissinə və insani xüsusiyyətlərinə heyran oldum. Əsər yazıldı, məşqlər başladı. Amaliya xanım, demək olar ki, hər məşqə gəlirdi. Tamaşadan nigaran idi. Xəstəliyi şiddətlənəndə, məşq prosesini çəkib ona göndərirdilər. O da çəkilişə baxaraq məsləhətlərini verirdi. Tamaşa artıq hazır idi. Afişa vurulmuşAkademik Milli Dram Teatrının bədii rəhbəri-direktoru, Xalq artisti Azər Paşa Nemətov tamaşanın oynanılması üçün səhnəni Bələdiyyə Teatrına vermişdi. Tamaşa günü hamı onu gözləyirdi. Lakin o, tamaşaya gəlməyə hazırlaşarkən, birdən-birə halı pisləşir və təcili olaraq xəstəxanaya aparılır. Teatrın bütün heyəti bunları bilsə də, stress və həyəcana qalib gələrək tamaşanı oynadı.

Artıq Amaliya Pənahova həyatda yoxdur. Ancaq əfsanələr heç vaxt unudulmur, yaddan çıxmır. Əfsanələr əbədidir. Deməli, Amaliya xanım əfsanəsi də xatirələrdə, onun haqqında yazılan əsərlərdə və yaddaşlarda əbədi yaşayacaq.

 

Çingiz ƏLƏSGƏRLİ

Dramaturq

 

Mədəniyyət.- 2019.- 19 iyun.- S.6.