Mədəniyyət naziri ABŞ nümayəndə heyəti ilə görüşüb

 

 

 

Mədəniyyət naziri Əbülfəs Qarayev Amerika İrsinin Xaricdə Mühafizəsi üzrə Amerika Birləşmiş Ştatları Komissiyasının katibi Pol Pakerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu, kitabxana, muzey, abidələrin mühafizəsi, qarşılıqlı mədəniyyət tədbirlərinin keçirildiyi qeyd edilib.

Azərbaycanın müxtəlif millətlərin və dinlərin sülh içində birgəyaşama nümunəsi olduğunu qeyd edən nazir ölkəmizdə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu barədə qonaqlara məlumat verib və ABŞ-ın bu tədbirdə ənənəvi olaraq yüksək səviyyədə iştirakına əminliyini bildirib. Nazir həmçinin Azərbaycan Hökumətinin təşkilati dəstəyi ilə hər ilin may ayında ABŞ-da keçirilən Qafqaz Mədəniyyəti Festivalı və bu ölkədə Azərbaycanın zəngin mədəni irsinin təqdimatına dair müxtəlif tədbirlərin keçirildiyini qeyd edib.

Pol Paker rəhbərlik etdiyi komissiyanın fəaliyyəti barədə məlumat verib, ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib.

Görüşdə iştirak edən STMEGI Fondunun prezidenti German ZaxaryayevDağ Yəhudiləri Muzeyinin icraçı direktoru İqor Şaulov tərəfindən Quba şəhərində dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı Qəsəbədə Dağ Yəhudiləri Muzeyinin artıq hazır olduğu barədə məlumat verilib. Nazir muzeyin yekun tərtibatına dair tövsiyələr və açılışın təşkilinə dair tapşırıqlar verib.

Görüşdə gələcəkdə həyata keçirilə biləcək layihələr müzakirə olunub, mövcud geniş potensialdan səmərəli istifadə etməklə əlaqələrin daha da inkişaf edəcəyi bildirilib.

 

Mədəniyyət.- 2019.- 19 iyun.- S.1.