Səhnədə xalq teatrlarıdır...

 

 

Xəbər verdiyimiz kimi, “Azərbaycan xalq yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə III Respublika Xalq Teatrları Festivalı keçirilir. Festivalın baxış-seçim mərhələsi bu ilin aprelində təşkil olunub. Ölkəmizdə 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Onların arasından 13 kollektiv həlledici mərhələyə dəvət qazanıb. Bunlar İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrlarıdır.

23-24 iyun tarixində festivalın final mərhələsinin iştirakçıları öz tamaşalarını münsiflər heyəti və sənətsevərlərə təqdim etdilər. Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının baş rejissoru Loğman Kərimovun rəhbərlik etdiyi münsiflər heyətinə Əməkdar artist, aktyor və bədii qiraətçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Azad Şükürov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Gülnar Hacıyeva, tənqidçi, sənətşünas Atababa İsmayıloğlu və başqaları daxildir.

Final mərhələsinin birinci baxış günü R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında doqquz kollektiv səhnə əsərlərini təqdim etdi.

İsmayıllı rayon Xalq teatrının Qarabağ, vətənpərvərlik, müharibə mövzusunda “Əsgər papağı” (müəllif Elnurə Abdullayeva, quruluşçu rejissor Tofiq Babazadə) tamaşasını, “Göyçək Fatma” Azərbaycan xalq nağılı əsasında Qəbələ Xalq teatrının (rejissor Müsavər Qasımov) və Beyləqan rayon Xalq teatrının (rejissor Rəqsanə Babayeva) fərqli yozumlarda hazırladıqları tamaşaları təqdim etdi. Şabran rayon Xalq teatrı festivala Xalq yazıçısı İlyas Əfəndiyevin Qarabağ xanlığının tarixindən bəhs edən “Hökmdar və qızı” tamaşası (rejissor Cabir Əmrahov) ilə qatılmışdı.

Ardınca Zaqatala Xalq teatrı M.S.OrdubadininBeş manatlıq gəlin” komediyasını (rejissor Bayram Qurbanov), Masallı rayon Xalq teatrı İbadulla Hüseynzadənin çağdaş insanın, xüsusən qadınların problemlərini ön plana çıxaran “Qaçqın gəlin” (rejissor Cəmaləddin Əliyev) adlı psixoloji-sosial səhnə işini nümayiş etdirdi. Özünəməxsus ənənələri olan Şərur Xalq teatrının (Naxçıvan Muxtar Respublikası) təqdimatında A.PuşkininMotsartSalyeri” birpərdəli dramı (rejissor Nəsimi Məmmədzadə) də maraqla izlənildi. Füzuli Xalq teatrının “Xocalı harayı” tamaşası bəşər tarixinin ən qanlı hadisələrindən olan, qan yaddaşımıza əbədi həkk edilmiş olan soyqırımından bəhs edirdi. İlk günün son tamaşası Yevlax Xalq teatrının “Qadınlar”ı oldu. Yazıçı Pərvinin birpərdəli pyesi əsasında hazırlanan tamaşa (rejissorlar Eldəniz Mustafayev, Zöhrə Adıgözəlova) tənha qadınların həyatını əks etdirirdi.

Hər nümayişin ardınca yaradıcı heyətləri tamaşa salonuna dəvət edən münsiflər heyəti oyun üslubu, səhnə manevrləri, quruluş elementlərindəki müvafiq ştrixlər barədə fikirlərini bildirib, tövsiyələrini verdilər.

Bizxalq teatrları təmsilçiləri ilə qısa söhbət edib təəssüratlarını öyrəndik. Belə festivalların yerlərdə xalq teatrlarının inkişafında müstəsna rol oynadığını deyən İsmayıllı rayon Xalq teatrının rəhbəri Tofiq Babazadə tamaşaların əsasən mədəniyyət mərkəzində, eləcə də qonşu rayonlarda nümayiş olunduğunu bildirdi.

Əsas etibarilə yerli müəlliflərlə və birpərdəli pyeslər üzərində işlədiklərini deyən həmsöhbətim Bakı səhnəsində çıxış etməyin, peşəkar münsiflər qarşısında tamaşa göstərməyin onlar üçün böyük əhəmiyyət kəsb etdiyini dedi. “Əsgər papağı”nda rol alan İntiqam İbrahimov, Rövşən Teyyubov, Ramiz Zülfüqarov, Zərifə Həlimova, Rəşad Əlirza həm çox həyəcanlı, həm də sevincli olduqlarını dilə gətirdilər. Müxtəlif sahələrdə çalışan və təhsil alan, xüsusən gənclərdən ibarət bu heyət teatra böyük maraq göstərir.

Qəbələ Mədəniyyət Mərkəzinin tərkibindəki Xalq teatrının quruluşçu rejissoru Müsavər Qasımov da yerli sakinlərin teatra olan tələbatını ödəməyə çalışdıqlarını deyir. Buna görə də mütəmadi repertuarlarında yeniliklər etdiklərini bildirən rejissor əsas etibarilə komediya janrına yer verdiklərini bildirir. Elə “Göyçək Fatma”nın da bu yanaşma ilə hazırlandığını deyən rejissor 20-dək rayonda çıxış etdiklərini və maraqla qarşılandıqlarını xatırlatdı. Xalq teatrında hər nəsildən aktyorların olduğunu deyən rejissor Elşən Salehov, Afət Əliyeva, Leyla Zakirova, Nihad Cəlilzadə, Gündüz Mürşüdlünün adlarını xüsusilə qeyd etdi.

Beyləqan Xalq teatrının rejissoru Rəqsanə Babayeva ikinci dəfədir ki, bu festivalda iştirak etdiklərini bildirdi. Tamaşaları barədə iddialı danışan rejissor “Göyçək Fatma” nağılını müasir formada təqdim etdiklərini və uşaqların, yeniyetmələrin həyatının ayrılmaz hissəsinə çevrilən kompüter oyunlarından sosial şəbəkələrədək bir sıra elementləri səhnəyə gətirdiklərini dedi. Kollektivləri əsasən gənclərdən ibarətdir. Yeganə Məmmədova, Ayşən Bayramova, Əkrəm Hacıyev, Lalə Hacıyeva, Elgün Quliyevdən ibarət həvəskar aktyor truppasında məktəblilər də yer alır. Bölgələrdə teatra maraq olduğunu vurğulayan həmsöhbətim paytaxt teatrlarının Beyləqana nadir hallarda qastrola gəlməsindən də gileyləndi.

Uzun illər dərnək kimi fəaliyyət göstərən və 2018-ci ildə Şabran rayon Mədəniyyət Mərkəzinin tərkibində Xalq teatrı statusu alan kollektivin rəhbəri Cabir Əmrahov isə qısa zamanda ətraflarına xeyli sayda həvəskar aktyorlar topladıqlarını dedi.

1979-cu ildən fəaliyyət göstərən Masallı Xalq teatrının rejissoru Cəmaləddin Əliyev indiyədək 100-dən çox pyesə səhnə həyatı verdiklərini və bundan öncəki hər üç festivalda uğurla təmsil olunduqlarını xatırlatdı. O, Əsra Yusifli, Aybəniz Həsənova, Qardaşəli Bədəlov və başqalarının rol aldığı “Qaçqın gəlin” tamaşasının istər Masallı, istərsə də qonşu rayonlarda maraqla izləndiyini vurğuladı.

Şərur rayon Xalq teatrı festivalda uğurla təmsil olunanlardan idi. Teatrın rejissoru Nəsimi Məmmədzadə bizimlə söhbətində birpərdəli pyeslər əsasında müxtəlif janrlı tamaşaları səhnələşdirdiklərini deyir. Kollektiv Naxçıvan Muxtar Respublikasında keçirilən Xalq teatrlarının baxış-müsabiqələrində uğurla çıxış edib. Xalq teatrından çıxan bir sıra istedadlı aktyorlar muxtar respublikanın dövlət teatrlarında çalışırlar. Hazırda kollektivdə Nemət Sultanov, İlkanə Cavadzadə, Salman Şirəliyev, İlham Quliyev, Gülnar Cavadova kimi həvəskar aktyorlar fəaliyyət göstərir.

Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev Bəşir Səfəroğlu adına Xalq teatrının festivala iki tamaşa ilə - PərvininQadınlar Lev QraçınCırtqozəsərləri ilə qatıldığını vurğuladı, festivalın yüksək səviyyədə təşkilinə xalq teatrlarına geniş səhnədə ifa imkanları verdiyinə görə Mədəniyyət Nazirliyinə təşəkkür etdi. Fəaliyyətlərindən söz açan müsahibim truppanın mütəmadi yeniləndiyini, heyətə xüsusən gənclərin cəlb olunduğunu deyir.

Özünəməxsus yaradıcılıq ənənələri olan Zaqatala Xalq teatrının da hazırkı fəaliyyəti ürəkaçandır. Ömrünün 50 ilini sənətə həsr etmiş qocaman rejissor, Əməkdar mədəniyyət işçisi Bayram Qurbanov bildirir ki, milli teatr tariximizdə özünəməxsus yeri olan xalq teatrlarının yaşadılması və daha da inkişafı vacibdir. Bu mənada festival və ümumilikdə geniş auditoriyada çıxış bu işlə məşğul olanları daha da həvəsləndirir.

***

İyunun 24-də III Respublika Xalq Teatrları Festivalının final mərhələsi davam etdi. Səhər saatlarında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dörd kollektiv çıxış etdi.

Əvvəlcə səhnəyə Mərdəkan Xalq teatrı çıxdı. Kollektiv illər öncə Dövlət Gənclər Teatrında oynanılmış “Dadaşbala əməliyyatı” tamaşasını festivala gətirmişdi. Bir zamanlar ilk sənət addımlarını elə Mərdəkan Mədəniyyət evində atmış mərhum dramaturq-rejissor Rəhman Əlizadənin bu pyesi, təbii ki, peşəkar səviyyədə oynanılmasa da, hər halda kollektiv komediyadakı Bakı məhəlləsinin koloritini çatdıra bildi.

Qax rayon Xalq teatrı da komediyaya müraciət etmişdi. Onların ifasında Əhməd Orucoğlunun konkret məkana, koloritə bağlı olmayan, lakin gerçəkliyi əks etdirən “Məhəbbət bir bəladır” komediyası bir neçə improvizasiyası ilə yadda qaldı.

Bərdə rayon Xalq teatrı komik əsər seçsə də, bir qədər keçmişə getmişdi. Xalq şairi Süleyman Rüstəmin “Çimnaz xanım yuxudadır” pyesinə müraciət edən kollektiv final mərhələsində çıxışını başa vurdu.

Final mərhələsində sonuncu çıxış edən Cəlilabad rayon Xalq teatrı oldu. Əslində, bir-birinin ardınca göstərilən üç məzhəkədən sonraBiz qayıdacağıq, Xocalı!” adlı tamaşanın oynanılması həm seyrçini fərqli lada kökləmək üçün, həm də münsiflərə “təkcə komediya bəyənirlər” iradını tutmamaq baxımından diqqətəlayiq idi. Elə ilk səhnədəcə aydın oldu ki, biz hamımıza yaxşı tanış olan mövzuya dair maraqlı bir tamaşa izləyəcəyik. Buludxan Buludovun qələmə aldığı, özünün quruluş verdiyi və əsas rolda çıxış etdiyi tamaşada Xocalı faciəsi zamanı baş verən onlarla hadisənin biri canlandırılırdı. Xocalı qətliamına fərman verənlərin heyvan maskası taxması onların əsl simasını hər cür uzun mətndən daha yaxşı açırdı. Tamaşa elə ilk səhnəsində göstərdi ki, əsər peşəkarlıqla qurulub, həvəskar aktyorların, xüsusilə məktəbyaşlı uşaqların təsirli ifası Xocalı olaylarını bir daha yadımıza saldı. Xocalıdan qaçan Babaonun üç nəvəsini erməni cəlladları yaxalayırlar. Baba öz nəvələrini gizlətmək istəsə də, onun bu cəhdi baş tutmur. Lakin azad olmaq üçün köhnə qonşu Aşotun təklif etdiyiQarabağ azərbaycanlıların yox, ermənilərindir” şüarını da demir. “Sarı gəlin” havasına oynadılan nəvələrin gözləri qarşısında Babanın ayağını hansı qəddarlıqla kəsirlərsə, elə həmin vəhşiliklə də Babanın gözləri görə-görə nəvələri qətlə yetirilir, yalnız qəfil başlayan hava hücumu Babanı ölümün cəngindən qurtarır. Üç nəvə - iki qız və bir oğlan isə mələyə çevrilərək narahat-narahat qanad çalırlar. Tamaşa kədərli sonluqla bitsə də, Baba ümidini və inamını itirmir: Alim Qasımovun ifasında “Xatirədir” şərqisinin melodiyası altında səhnəni tərk edən, ayağı həmin məşum gecədən bəri axsayan Baba deyir: “Biz qayıdacağaq, Xocalı!”.

 

HƏMİDƏ

GÜLCAHAN

 

Mədəniyyət.- 2019.- 26 iyun.- S.5.