Türk dünyası” beşcildliyi qazax dilində

 

 

Beynəlxalq Türk Akademiyası (BTA) tərəfindən Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan IV “Böyük Çöl” Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Milli Məclisinin deputatı, siyasi elmlər doktoru Cavanşir FeyziyevinTürk dünyası” beşcildliyinin qazax dilində nəşrinin təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən BTA prezidenti Darxan Kıdırali deyib ki, türk sivilizasiyası, mədəniyyəti, elmi, dövlətçilik tarixi, hərb sənəti və s. haqqında əhatəli bir kitabın ərsəyə gəlməsi çox əhəmiyyətli hadisədir. Nəşr müasir türk dünyası haqqında müfəssəl elmi mənzərə və təsəvvür formalaşdırır.

Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə olunan və nəfis tərtibatda işıq üzü görən nəşr “Türk sivilizasiyasının təməl dəyərləri”, “Türk xalqları”, “Türk dövlətçiliyi tarixi”, “Türkşünaslıq” və “Türk dünyasının tarixi şəxsiyyətləri” adlı cildlərdən ibarətdir.

Kitablarda türk sivilizasiyasının təməl dəyərləri, türk dilləri, türk tarixi və mədəniyyəti, diplomatiyası, həyat tərzi, adət-ənənələri, dünyagörüşü və türklərin müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir. Həmçinin türk dünyasının görkəmli şəxsiyyətləri barədə ətraflı məlumatlarla da tanış olmaq mümkündür.

 

Mədəniyyət.- 2019.- 28 iyun.- S.7.