Klassik musiqi nümunələrindən ibarət konsert

 

 

 

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Qubada klassik musiqi nömrələrindən ibarət konsertlə çıxış edib.

Yurdumuza bahar gəlir” adlı konsert proqramı BMA-nın Xaçmaz Regional Mədəniyyət İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Konsertdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, BMA-nın elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan danışıb, regionlarda belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Bildirilib ki, Xaçmaz Regional Mədəniyyət İdarəsinin BMA ilə birgə təşkil etdiyi mədəni tədbirlər ənənə halını alıb. Bundan öncə Xaçmazda dünya şöhrətli bəstəkar Qara Qarayevin 100 illik yubileyi, Şabranda isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Yurdumuzun istedadlı gəncləri” adlı konsertlər təqdim olunub.

Bildirilib ki, klassik musiqi irsimizin təbliği baxımından regionlarda keçirilən bu kimi tədbirlər xüsusi önəm daşıyır.

Çıxışlardan sonra təqdim olunan konsert proqramında səslənən musiqi nömrələri tamaşaçıların zövqünü oxşayıb.

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.5.