Bəstəkarlarımızın əsərləri milli alətlərdə

 

 

 

Xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərdən ibarət festival çərçivəsində musiqi gecələri

Martın 4-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirildi.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşan konsert proqramı Mədəniyyət Nazirliyi və filarmoniyanın birgə layihəsi ilə bu ilin fevral-mart aylarında xalq çalğı alətləri orkestri üçün yazılmış əsərlərdən ibarət festival çərçivəsində təşkil olunmuşdu. Konserti orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq artisti Ağaverdi Paşayev idarə edirdi.

Gənc fidanlar tərəfindən xalq çalğı alətlərimizin səslənməsi, alətlərə vurulan hər bir mizrab, hər bir ritm musiqimizin sabahına işıq salırdı. Tar, kamança, qanun, balaban və digər alətlərin sevgi ilə səsləndirilməsi tamaşaçılara xüsusi zövq bəxş edirdi. Uşaq Filarmoniyasının gənc xanımları milli alətimiz olan tarda Üzeyir bəyin “Cəngi”sini vüqarla ifa etməsi dinləyicilərdə qürur hissi yaradırdı. Bir sözlə, konsert Azərbaycan musiqisinin möhtəşəmliyini və gənc ifaçıların bacarıq və istedadını aydın şəkildə nümayiş etdirirdi.

Gecədə solistlər - respublika və beynəlxalq müsabiqələr laureatları Mirəli Əlizadə (tar), Sənan Hacılı (tar), Nəzrin Cəfərzadə (kamança), Əli Məmmədli (saz), Kamran Səmədov (balaban), Lalə İbrahimova (vokal), Atlas Mehdiyeva (xanəndə) və İsmayıl Əsədli (vokal) Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, H.Xanməmmədov, S.Rüstəmov, C.Cahangirovun əsərlərini professionallıqla səsləndirərək könülləri oxşadılar. Gənclərin çıxışları böyük rəğbət və alqışlarla qarşılandı.

* * *

Festival üzrə martın 5-də keçirilən növbəti konsertdə isə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Dövlət Xor Kapellası musiqisevərlərin görüşünə gəlmişdi.

Musiqi gecəsində zəmanəmizin seçilən və sevilən bəstəkarlarından A.Məlikov, T.Bakıxanov, D.Dadaşov, E.Dadaşova, S.Fərəcov, VasifCeyhun Allahverdiyevlər, N.Quliyev, L.Cəfərova və Y.Xəlilovun əsərləri səsləndirildi. Konserti Xalq artisti Ağaverdi PaşayevXor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova idarə edirdi. Solistlər Xalq artisti Gülnaz İsmayılova, əməkdar artistlər Sahib Paşazadə və Çinarə Heydərova, ifaçılar Mübariz Əliyev, Hüseyn Nağıyev, Hikmət Qasımov və Fəxri Kazım-Nicat bəstəkarlarımızın sevilən mahnılarını yeni nəfəsdə təqdim etdilər.

 

Lalə AZƏRİ

 

Mədəniyyət.- 2019.- 6 mart.- S.3.