Dərbəndlilər “Dağılan tifaqla Türkiyəyə gediblər

 

 

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı martın 2-də Türkiyənin Mersin şəhərində keçirilən 5-ci Türk teatr günlərinin açılışında “Dağılan tifaq” tamaşası ilə çıxış edib.

Görkəmli yazıçı-dramaturaq Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru C.Cabbarlı adına Azərbaycan Dövlət İrəvan Dram Teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyevdir. Tamaşanın bədii səhnə həlli Dağıstanın Əməkdar rəssamı Dəmir İsakova, musiqi tərtibatı Əməkdar artist Sevda Bəybalayevaya məxsusdur.

Tamaşada Dağıstanın əməkdar artistləri Əlimövsüm Abbasov, Məhərrəm Ömərov, aktyorlar Tamilla Mihrabova, Kəmalə Rzayeva, Rahilə Ömərova, Hörmət Aslanov, Osman Mihrabovb. rol alıb.

Tamaşa böyük maraqla qarşılanıb. Təşkilatçılar teatrın direktoru Firdovsi Əsgərova və quruluşçu rejissor Sərvər Əliyevə festivalın rəmzi hədiyyəsini, truppaya diplomlar təqdim ediblər.

Martın 4-də isə Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Türkiyənin Kayseri şəhərindəki Erciyes Universitetində çıxış edib. Universitetin min nəfərdən çox tamaşaçı tutan salonunda oynanılan tamaşadan sonra tədris ocağının rektoru, professor Mustafa Çalış aktyorların ifası və tamaşanın bədii-estetik həlli ilə əlaqədar xoş sözlər söyləyərək onları təbrik edib.

 

G.MİRMƏMMƏD

 

Mədəniyyət.- 2019.- 8 mart.- S.3.