Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün Novruz şənliyi

 

 

 

Özbəkistandakı səfirliyimizin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Daşkənd vilayətinin Buka şəhərinin 15 nömrəli uşaq evinin sakinləri üçün Novruz bayramı ərəfəsində şənlik təşkil edilib.

Əvvəlcə uşaqlar və müəllimlər AMM-in foyesində təşkil olunan kitab, foto, Azərbaycanın mənzərələri, Qarabağın milli qadın və kişi geyimləri, suvenirlərdən ibarət sərgi ilə tanış olublar.

Mədəniyyət mərkəzinin direktor müavini Polad Zeynalov iki ölkənin dostluğundan danışıb, xalqlarımız arasında əlaqələrin gələcək inkişafında böyüməkdə olan nəslin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. O, çıxışında Azərbaycan dövlətinin, Heydər Əliyev Fondunun ölkəmizdə uşaq evlərinə qayğısından danışıb.

Sonra uşaqlar AMM-in nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının iştirakı ilə özbək və dünya xalqlarının mahnı və rəqslərindən ibarət konsertə baxıblar.

Konsert başa çatdıqdan sonra uşaqlar bayram süfrəsinə dəvət olunub, plovşirniyyatlara qonaq ediliblər.

 

Mədəniyyət.- 2019.- 8 mart.- S.8.