Dağ yəhudilərinin tarixi və mədəniyyəti” kitabının təqdimatı

 

 

 

Martın 5-də Dünya Dağ Yəhudiləri Konqresi Bakı Kitab Mərkəzində “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” adlı kitabın təqdimatını keçirib.

Konqresin prezidenti Akif Gilalov kitabın dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlər qrupunun fundamental əsəri olduğunu bildirib.

Tədbirdə Azərbaycanın və Qafqazın dağ yəhudilərinin tarixi barədə “Azərbaycanın dağ yəhudiləri: Qafqaz Qüdsüya kiçik xalqın böyük taleyi” adlı film nümayiş etdirilib.

Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva qeyd edib ki, Azərbaycan yəhudiləri ölkəmizdə, demək olar ki, heç bir vaxt hər hansı antisemitizm təzahürləri ilə qarşılaşmayıblar. Azərbaycanda yəhudi icmasının bir çox nümayəndələri respublikanın siyasi, elmi, mədəni, sosialiqtisadi həyatında fəal iştirak ediblər və bu gün də etməkdədirlər. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun “Azərbaycan – tolerantlıq ünvanı” layihəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqları üçünXabad-Or-Avner” təhsil mərkəzi inşa edilib. 2010-cu ildə istifadəyə verilən 450 şagird yerlik mərkəzdə yəhudi mədəniyyətinin əsasları tədris olunur.

Azərbaycandakı Avropa yəhudilərinin ravvini Şneyor Seqal qeyd edib ki, Azərbaycanda dağ yəhudilərinin taleyi çox mətləblərdən, ən əsası Azərbaycan xalqının tolerantlığından xəbər verir.

Ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyası yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici əlaqələr komissiyasının sədr müavini Paolo Qrimoldi də tədbirə qatılıb. O bildirib ki, tolerantlığın və dini dözümlülüyün təcəssümü olan Azərbaycan dostluq və tərəqqi nümunəsidir. Burada müxtəlif xalqların, dini konfessiyaların nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar.

Milli Məclisin deputatı, publisist Elmira Axundova, tarixçi Fuad Axundov öz çıxışlarında dövlətimizin daim bərabərhüquqlu vətəndaşları olan, ölkəmizin quruculuq həyatında fəal iştirak edən, azərbaycanlılarla bərabər ölkəni müdafiə edən dağ yəhudilərinin Azərbaycanda yaşaması tarixindən söhbət açıblar.

Tədbirdə nadir fotoşəkillərdən və arxiv sənədlərindən, dağ yəhudilərinin ənənəvi sənətkarlıq nümunələrindən ibarət sərgi təşkil edilib.

 

Mədəniyyət.- 2019.- 8 mart.- S.6.