Tariximizin xanlıqlar dövrü sənədlər işığında

 

 

 

Tarix keçmişi, bu günü və sabahı bir-birinə möhkəm tellərlə bağlayan bir körpüdür. Keçmişimizi öyrənmək üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə və təyinatına olan münasibətimizi dəyişməli, anlayışların zahirindən daha çox, onların daxilini görməyə, anlamağa vərdiş etməliyik.

Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni çapdan çıxmış “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabında yer alıb.

Kitab Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən sayılan xanlıqlar dövrünün indiyədək tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər əsasında qiymətləndirilməsi istiqamətində mühüm elmi addımdır. Ümumilikdə 22 orijinal sənədin daxil edildiyi topluda tariximizin xanlıqlar dövrü siyasitarixi nöqteyi-nəzərdən mahiyyətcə yeni kontekstdə dəyərləndirilir.

Vaxtilə Səfəvi şahlarının, xüsusən Şah İsmayıl Xətainin və Nadir şahın hərbi dühası və siyasi məharəti hesabına yaradılan, Azərbaycan türklərinin titul xalq statusunda idarə etdikləri böyük bir coğrafiyada irili-xırdalı onlarca feodal dövlətin meydana gəlməsi siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni tənəzzülə aparıb çıxarır. Xanlıqlar dönəmini Azərbaycan üçün aktuallaşdıran başqa bir amil isə xalqımızın məhz həmin siyasi dövrün səhvləri ucbatından ikiyə bölünməsi və bu günə qədər də parçalanmış vəziyyətdə yaşamağa davam etməsi ilə bağlıdır. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğal olunması, Gülüstan və Türkmənçay müqavilələri indiyədək mövcud olan reallığın mühüm tarixi səbəbləridir. Bütün hallarda tarix olduğu kimi yazılmalıdır və bu, tarixçilərin əsas missiyasıdır. “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabı bu baxımdan tarixşünaslığımıza çox dəyərli töhfədir.

Azərbaycan oxucusuna ana dilində ilk dəfə təqdim edilən 22 sənəd arasında Qacar şahlarının Azərbaycan xanlarına məktubları, həmçinin xanların o dövrdə Rusiya komandanlığı ilə yazışmaları özündə tarixi həqiqətləri əks etdirir. Fətəli şahın 1796-cı ilin noyabrında bütün Tiflis əhalisinə ünvanladığı fərman, yaxud İstanbuldakı İran səfirliyinin ermənilərə sığınacaq verilməsi barədə Xarici İşlər Nazirliyinə məktubu, Cavad xanın Knyaz Sisianova cavab məktubu və digər sənədlər həmin dövrün real mənzərəsinə aydınlıq gətirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Akademik Ramiz Mehdiyevin yeni kitabı tarixçi alimlər üçün yol xəritəsi də sayıla bilər. O, bu sahənin mütəxəssislərinə çağırış edərək yazır: “Tarixçilərimiz, filosoflarımız, ədəbiyyatşünaslarımız, mədəniyyətşünaslarımız onu da unutmamalıdırlar ki, keçmişin irsindən qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur. Onu olduğu kimi qəbul edib öyrənmək, müsbət tərəflərini və qüsurlarını obyektiv şəkildə göstərmək və ədalətli qiymətləndirmə əsasında ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərkən, əslində, tamam başqa bir məsələdən – hansısa siyasi-ideoloji səbəblərdən, yaxud təəssübkeşlik ucbatından ört-basdır etməyə çalışdığımız və ya mahiyyətini təhrif edərək çatdırdığımız faktların sonradan aşkara çıxarıldığı zaman xalqda, cəmiyyətdə yaradacağı məyusluqdan, ruh düşkünlüyündən və psixoloji sarsıntıdan ehtiyatlanmaq lazımdır”.

Kitabda türkiyəli tarixçi F.Sümər, iranşünas və şərqşünas alimlər M.S.İvanov, K.E.Bosvort, Y.Krımski və başqalarının xanlıqlar dövrünün hadisələri ilə bağlı maraqlı fikirlərinə istinad edilir.

 

Mədəniyyət.- 2019.- 20 mart.- S.6.