Azərbaycanın qadın şairlərinin şeirləri italyan dilində

 

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun layihəsi təqdim olunub

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və dəstəyi ilə İtaliyada yerli dildə nəşr edilmiş “Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)” kitabının növbəti təqdimatı Azərbaycan Dillər Universitetində (ADU) keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla çıxış edərək ölkəmizin multikultural zənginliyi, “Azərbaycan multikulturalizmi” fənninin dünyanın bir sıra universitetlərində tədris edildiyini bildirib. Qeyd edib ki, Azərbaycan multikulturalizmi, eyni zamanda xalqımızın mədəniyyətinin, ədəbiyyatının təbliği və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. O, kitabın nəşrində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dünyasının mədəni dəyərlərə böyük həssaslıqla yanaşıldığını və bu irsin təbliğinin fondun əsas prioritet istiqamətlərindən biri olduğunu deyib. Bildirib ki, antologiya azərbaycanlı qadınların poetik düşüncəsini, hislərini, istəklərini və dərin ədəbi dünyagörüşünü özündə əks etdirir. Kitabda yaradıcılığına yer ayrılan şairələrin əksəriyyəti Azərbaycanın tarixi torpağı olan Qarabağda yaşayıb-yaradıb.

Keçən il nəşrin İtaliya Senatında təqdimatının keçirildiyini xatırladan G.Əfəndiyeva bu layihənin Şərq və Qərb mədəniyyətləri arasında dostluq və əməkdaşlıq körpüsünü möhkəmləndirəcəyinə inandığını söyləyib.

Tədbirdə iştirak edən İtaliya Deputatlar Palatasında Xarici əlaqələr komissiyasının sədr müavini Paolo Qrimoldi ölkəmizin zəngin mədəniyyəti, ədəbiyyatı oldğunu deyib, təqdim edilən kitabı bunun bariz nümunəsi kimi dəyərləndirib.

Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti Azərbaycan haqqında kitabların, azərbaycanlı müəlliflərin italyan dilinə tərcümə edilən əsərlərinin nəşrindən danışıb.

Tədbirdə “Azərbaycan şeirinin qadın ruhu” sənədli filmi nümayiş olunub. Xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra şeirlər bədii-musiqili kompozisiya formatında təqdim edilib. ADU-nun italyan dili ixtisası üzrə təhsil alan tələbələri Məhsəti Gəncəvinin, Natəvanın, Nigar Rəfibəylinin kitabda yer alan şeirlərini italyan dilində səsləndiriblər.

 

Mədəniyyət.- 2019.- 20 mart.- S.6.