Mədəniyyət nazirinin “Xəzər” televiziyasına müsahibəsi

 

 

 

Mədəniyyət naziri Əbülfəs Qarayev martın 17-də “Xəzər” Televiziyasında efirə gedən “Gündəm” proqramının qonağı olub. Nazir müsahibəsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimləri ilə görüşü, eləcə də son illərdə mədəniyyət sahəsində aparılan islahatlar barədə danışıb.

Əbülfəs Qarayev bildirib ki, Azərbaycan mədəniyyətinin bir sıra problemlərinin qaldırıldığı həmin görüş cəmiyyət tərəfindən xüsusi maraqla qarşılanıb, ictimai müzakirələrə səbəb olub. Görüşdə qaldırılan məsələlərə, irəli sürülən təkliflərə dövlət başçısı tərəfindən dəstək ifadə olunub, müvafiq tapşırıqlar verilib. Bir sıra məsələlərin həlli məqsədilə işlərə başlanılıb.

Qeyd olunub ki, mədəniyyət və incəsənət xadimləri ilə görüşdən sonra Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”, “Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademikstatusu verilməsi haqqında”, “Azərbaycan Respublikasında teatrkonsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncamlar mədəniyyət sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Nazir dövlət başçısı ilə görüşdə qaldırılan məsələlərdən biri – görkəmli ədib Cəlil Məmmədquluzadə, mesenat Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun paytaxtda heykəllərinin ucaldılması istiqamətində müvafiq işlərin aparıldığını diqqətə çatdırıb. Bildirib ki, ötən illər ərzində birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunması istiqamətində böyük işlər görülüb, o cümlədən UNESCO ilə sıx əməkdaşlıq əlaqələri qurulub, çoxəsrlik mədəni mirasımızın bir sıra nümunələri təşkilatın siyahılarına salınaraq bəşəri status qazanıb.

Əbülfəs Qarayev proqramda ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən islahatlar, qarşıda duran vəzifələrdən də söz açıb. Qeyd edib ki, ölkə başçısı mədəniyyət sahəsinin inkişafını xüsusi diqqətdə saxlayır və bu sahədə həyata keçirilən işlərin sistemli şəkildə aparılması qarşıya məqsəd qoyulub. Bir neçə ildir mədəniyyət sahəsində həyata keçirilən islahatlar bunu sübut edir. İslahatların davam etdirildiyini vurğulayan nazir bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il martın 29-da imzaladığı sərəncama uyğun olaraq Bakı şəhəri üzrə baş idarə və 15 regional mədəniyyət idarəsi yaradılıb. Ölkə başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli fərmanına uyğun olaraq Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılıb. Prezidentin bu il yanvarın 15-də imzaladığı “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman mədəniyyət sahəsinin müasir tələblərə uyğun inkişafının təmin edilməsi baxımından müstəsna önəm kəsb edir. Bu sənəd mədəniyyət sahəsində müasir sistemin qurulmasına, qabaqcıl dünya təcrübəsindən yararlanmağa, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsinə, mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir çağırışlara cavab verəcək səviyyədə təşkilinə şərait yaradacaq.

Proqrama aşağıdakı link vasitəsilə ətraflı baxmaq mümkündür:

https://www.youtube.com/watch?v=uDb2iw9D4go

 

Mədəniyyət.- 2019.- 20 mart.- S.4.