UNESCO-nun Dünya İrs Komitəsinin Bakı sessiyasına hazırlıq davam edir

 

 

Mədəniyyət naziri Parisdə Dünya İrs Mərkəzinin heyəti ilə görüş keçiribUNESCO-nun idarəetmə orqanları rəhbərlərinin iclasında çıxış edib

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Parisə səfəri çərçivəsində UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru xanım Mextild Rösslerin rəhbərlik etdiyi heyətlə görüş keçirib. Xatırladaq ki, Dünya İrs Komitəsinin 43-cü sessiyası bu il 30 iyun – 10 iyul tarixlərində Bakıda keçiriləcək.

Görüş zamanı Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri qismində çıxış edən nazir Əbülfəs Qarayev ölkəmizdə sözügedən mötəbər tədbirlə əlaqədar aparılan hazırlıq işlərindən danışıb və sessiyanın yüksək səviyyədə təşkil ediləcəyi ilə bağlı əminliyini ifadə edib.

Dünya İrs Mərkəzinin direktoru M.Rössler 3-6 mart tarixində Bakıya səfəri zamanı hazırlıq işlərinin uğurla aparıldığının şahidi olduğunu vurğulayıb. Xanım RösslerDünya İrs Mərkəzinin regional koordinatorları Əbülfəs Qarayevə 43-cü sessiya zamanı müzakirəsi nəzərdə tutulan mədəni və təbii irsin qorunması sahəsində məsələlər haqda ətraflı məlumat veriblər.

Mərkəzin direktoru qeyd edib ki, ölkələr tərəfindən Dünya İrs Siyahısındakı abidələrə və təbii irs məkanlarına dair 166 hesabat komitədə müzakirə edilmək üçün daxil olub. Eyni zamanda gündəlikdə 42 ölkədən Dünya İrs Siyahısına təqdim edilmiş namizəd fayllar var.

Görüşdə, həmçinin Dünya İrs Komitəsinin sessiyası çərçivəsində büro və məşvərətçi iclaslar, Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun formatı barədə də danışılıb. Daha sonra sözügedən məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və Bakı sessiyasına hazırlıq çərçivəsində müzakirələrin davam etdirilməsinə dair razılıq əldə edilib.

Qeyd edək ki, UNESCO-nun ən mötəbər qurumlarından biri olan Dünya İrs Komitəsinin iclasları zamanı Dünya İrs Siyahısına yeni mədəni və təbii abidələrin daxil edilməsi, eləcə də artıq bu siyahıda yer alan abidələrin mühafizəsinin gücləndirilməsi məsələləri müzakirə edilir.

* * *

Martın 27-də Parisdə UNESCO-nun baş qərargahında qurumun idarəetmə orqanlarının rəhbərlərinin iclası keçirilib.

İclasda təşkilatın Baş Konfransının prezidenti Zahour Alaoui çıxış edərək tədbirin əsas məqsədinin UNESCO-nun konvensiyalarının müvafiq idarəetmə orqanlarının işçi metodlarının, prosedurların və idarəetmə vəziyyətlərinə dair işçi qruplarının müvafiq tövsiyə və təkliflərinin müzakirə edilməsindən ibarət olduğunu bildirib.

Sonra fiziki təhsil və idman, idmanda anti-dopinq, kommunikasiyanın inkişafı üzrə beynəlxalq proqram, “İnformasiya hamı üçün” beynəlxalq şurası, hərbi münaqişə zamanı mədəni mülkiyyətin qorunması, qeyri-maddi mədəni irsin qorunması, mədəni özünüifadə müxtəlifliyinin qorunması, təhsilin planlaşdırılması və digər sahələrə cavabdeh olan komitə və proqramların rəhbərləri çıxış ediblər.

Nazir Əbülfəs Qarayev isə UNESCO-nun dünya mədəni və təbii irsin qorunması üzrə 1972-ci il konvensiyasının icrasına cavabdeh olan Dünya İrs Komitəsinin sədri kimi çıxış edərək əsas təkliflərin və tövsiyələrin konvensiyanın idarə orqanlarının prosedur qaydaları, strukturu, tərkibi və mandatının səmərəliliyinin artırılması ilə bağlı olduğunu qeyd edib.

Sonra müzakirələr ayrı-ayrı konvensiyalar üzrə üzv ölkələrin sualları əsasında davam etdirilib.

 

Mədəniyyət.- 2019.- 29 mart.- S.1;3.