Əzim Əzimzadənin xatirə muzeyi yenidən qapılarını sənətsevərlərin üzünə açıb

 

 

Milli təsviri sənətin görkəmli nümayəndəsi, Xalq rəssamı Əzim Əzimzadənin (1880-1943) Bakı şəhərindəki xatirə muzeyi (Dilarə Əliyeva küçəsi 157) təmirdən sonra yenidən qapılarını sənətsevərlərin üzünə açıb. Aprelin 29-da bu münasibətlə mərasim keçirildi.

Xatirə muzeyinin direktoru İradə Əzimzadə qonaqları salamladı və muzeyin fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, Əzim Əzimzadənin vaxtilə yaşadığı ev xatirə muzeyi kimi Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyun 1965-ci il tarixli qərarı ilə yaradılıb. 1968-ci ildə fəaliyyətə başlayan mədəniyyət ocağı Bakıda rəssamlıq üzrə ilk ev-muzeylərdən biridir: Muzey təmirdən sonra yenidən ziyarətçilərini qəbul edir. Mədəniyyətimizi, görkəmli şəxsiyyətlərin yaradıcılıq xəzinəsini gələcək nəslə çatdırmaq bizim borcumuzdur.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, Əzim Əzimzadə Azərbaycan rəssamlıq məktəbində böyük iz qoymuş şəxsiyyətlərdən biridir. XIX əsrin sonu - XX əsrin əvvəlində milli təfəkkürün formalaşmasında Molla Nəsrəddin jurnalı ilə birlikdə çalışaraq təsviri sənətimizin inkişafında mühüm xidmətlər göstərib: Xalq rəssamı fəxri adına layiq görülən ilk sənətkar kimi də Əzim Əzimzadənin adı sənət salnaməmizə yazılıb. Ölkəmizdə karikatura janrının banilərindən sayılan rəssam özünəməxsus yaradıcılıq yolu ilə sənət tariximizdə yaşayır. Onun nəinki bu xatirə muzeyində, həmçinin Azərbaycan Dövlət Teatr Muzeyi, Milli İncəsənət Muzeyi və digər muzeylərimizdə qorunan irsi mədəniyyətimizin dəyərli sərvətləri sırasındadır. Belə şəxsiyyətlərin irsinin qorunması tariximizi, mədəniyyətimizi gələcək nəslə tanıtmaq, təbliğ etmək baxımından böyük əhəmiyyət kəsb edir.

Nazir vurğuladı ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan inkişaf edir, paytaxt Bakıda abadlıq işləri görülür. Şəhər gözəlləşir, müasirləşir: Bu inkişaf prosesində tarixi qorumaqyaşatmaq baxımından mürəkkəb proseslərlə rastlaşırıq. Bəzi köhnə tikililər var ki, onları qorumaq, təmir etmək çətindir. Bunun üçün yeni imkanlar yaradılmalıdır. Bu baxımdan Əzim Əzimzadənin xatirə muzeyi bir nümunədir. Müasir şəkildə təmir edilərək təqdim edilən muzey rəssam haqqında məlumatları gələcək nəsillərə və şəhərimizin qonaqlarına ötürmək imkanı yaradır. Burada həm məkan qorunub, həm də tarix. Arzumuz budur ki, bütün muzeylərin qapıları qonaqların üzünə açıq olsun. Nazirliyin tabeliyində təmirə ehtiyacı olan bütün muzeylər bərpa edilərək ziyarətçilərin ixtiyarına veriləcək.

Əbülfəs Qarayev xatirə muzeyinin ekspozisiyasını yeni düşüncə və yanaşmanın müfəssəl forması kimi səciyyələndirdi: Binanın birinci mərtəbəsi ziyarətçilərdə xoş təəssürat yaradır, onlar yeni tikilinin içərisində olduqlarını hiss etmirlər. Muzeyin tərtibatı rəssamın yaşadığı mühiti dolğunluqla əks etdirir.

Nazir onu da diqqətə çatdırdı ki, hazırda C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində, C.Cabbarlının Xızıdakı ev-muzeyində təmir işləri gedir. M.Ə.Sabirin xatirə muzeyi isə təmir edilib və hazırda bədii tərtibat işləri həyata keçirilir.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısının tapşırığı ilə respublikada aparılan quruculuq işləri, eləcə də rayon ərazisində təmir və abadlıq işləri barədə danışdı. Rayon ərazisində çoxlu sayda mədəniyyət ocaqlarının, abidələrin yerləşdiyini diqqətə çatdıran A.Əsgərov bu sırada Ə.Əzimzadənin xatirə muzeyinin əhəmiyyətli yeri olduğunu vurğuladı.

Tədbirdə çıxış edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimovXalq rəssamı Arif Hüseynov təsviri sənətimizdə Ə.Əzimzadə məktəbi ilə bağlı fikirlərini bölüşdülər. Vurğulandı ki, 40 illik səmərəli yaradıcılıq fəaliyyəti dövründə rəssam 3 mindən artıq karikatura, plakat, səhnə dekorasiyası və s. janrlarda əsərlər yaradıb. Rəssam M.Ə.Sabirin Hophopnaməsinə çəkdiyi illüstrasiyalarla (1914) kitab qrafikası sənətinin də əsasını qoyub. Onun teatr tamaşaları üçün hazırladığı geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təkan verib.

Çıxışlardan sonra açılışı bildirən rəmzi lent kəsildi və qonaqlar muzeyin təmirdən sonrakı vəziyyəti ilə tanış oldular. Mədəniyyət Nazirliyi tərəfindən muzeyin binası yenidən qurulub, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə eksponatların bərpası həyata keçirilibekspozisiyaya yeni bədii tərtibat verilib.

Xatirə muzeyində rəssamın əsərləri, yaşadığı mühiti əks etdirən guşə və fəaliyyətini özündə cəm edən şəxsi fondu qorunur.

 

LALƏ

 

Mədəniyyət.- 2019.- 1 may.- S.1;3.