İstiqlal tərənnümçülərinə sayğı ilə...

 

 

 

Mayın 2-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Akifdən Vahabzadəyə iki şair, bir şeir - “İstiqlal” adlı panel keçirildi.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, TİKA Bakı Proqram Koordinatorluğu və Bakı Yunus Əmrə İnstitutunun dəstəyi, Türkiyənin Sebilürrəşad Tarix, Təhsil, Mədəniyyət Dərnəyi, İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) və AMEA-nın  birgə əməkdaşlığı ilə gerçəkləşən layihə Bakı və Sumqayıt şəhərlərində reallaşan silsilə tədbirləri əhatə edir. Layihənin əsas ideyası Türkiyə və Azərbaycanın iki böyük şairinin timsalında ədəbi, mədəni, milli əlaqələrin tarixinə, inkişafına nəzər salmaqbu yöndə qarşıda duran əsas vəzifələri müzakirə etməkdir.

AMEA-da keçirilən paneldə də bu məsələlər önə çəkildi. Müzakirələr “Mehmet Akif Ərsoyun həyatı, “İstiqlal marşı” və hekayəsi” və ”Bəxtiyar Vahabzadənin həyatı, azadlıq mübarizəsi və Vətən eşqi” başlıqlı iki sessiyada aparıldı.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli tədbiri açaraq Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının dünyaya örnək olmasından danışdı. Bildirdi ki, “İki dövlət, bir millət” ideyası, onun yaşadılması və bu örnək fikrə sübut olan münasibətlər hər iki dövlətin inkişafı üçün böyük önəm kəsb edir. Akademik iki istiqlal şairinin ədəbiyyata verdiyi töhfələrdən, milli fikir, ədəbi zənginlik baxımından müstəsna xidmətlərindən də söz açdı, onların ədəbi irsinin daim təbliğinə ehtiyac olduğunu dilə gətirdi.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki ölkənin bütün sahələrdə əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən, bu əbədi dostluq və qardaşlığın dərin köklərindən bəhs etdi. O, sovet dönəmində də iki ölkənin ədəbi əlaqələrinin bütün çətinliklərə rəğmən kəsilmədiyini, məhz azadlıq ideallarının tərənnümçüləri olan şeir, sənət təmsilçiləri sayəsində davam etdiyini dedi.

Digər çıxışçılar – türkiyəli millət vəkilləri Necdet Ünüvar, Şamil Ayrım, EkoAvrasiya dərnəyinin rəhbəri Hikmət Ərən, Mehmet Akif Ərsoyun nəvəsi Selma Ersoy və başqaları daim sevgiehtiramla yad olunan Mehmet Akif Ərsoyun və Bəxtiyar Vahabzadənin irsindən söz açdılar.

Tədbirin davamı olaraq Sumqayıt şəhərində “Şeirlər və türkülər türkü söyləyir” adlı proqram da keçirilib. Hər iki şairin əbədiyaşar misralarının – Vətən, bayraq kimi müqəddəs dəyərlərimizdən bəhs edən şeirləri, musiqilər səslənib.

Tədbirin ikinci günü, mayın 3-də Xəzər Universitetində “Türkiyə-Azərbaycan könül körpüsü” başlığı altında “Gənclik görüşləri” adlı proqram keçiriləcək.

 

HƏMİDƏ

 

Mədəniyyət.- 2019.- 3 may.- S.6.