Bioqrafik faciəvi eşq ayini

 

Gəncə Dövlət Dram Teatrının səhnəsində “Xərabat gözəli”

 

Bu günlərdə Gəncə Dövlət Dram Teatrının səhnəsində Əməkdar mədəniyyət işçisi, şairə-dramaturq Xəzangülün “Xərabat gözəli” adlı “bioqrafik faciəvi eşq ayini” üslubunda yeni pyesinin tamaşası ictimaiyyətə təqdim olunub. Pyes XII əsrdə yaşayıb-yaradan məşhur Azərbaycan şairəsi, sufi Əxi təriqətinin üzvü kimi tanınan Məhsəti Gəncəvinin həyat və fəaliyyətinə həsr olunub.

Əsərdə cərəyan edən hadisələr XII əsrdə Gəncədə sufi Əxi təriqətinin yaranması və təbliği ilə bağlı hadisələr fonunda baş verir. Həmçinin müəllif bu dövrdə Məhsəti Gəncəvinin şəhər xurafatçıları tərəfindən bir çox təzyiqlərə məruz qalması, şəhərin xətibinin ona qarşı amansız davranışı, xətibin oğlu ilə olan eşq macərası pyesdə ön plana çəkir.

Məlumdur ki, Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şeirlərində sənətkar, şair, müğənni və mütrüb obrazlarını təsvir edən yeni şəhər poeziyasının təmsilçisi kimi yaddaşlarda yaşayır. İlk məşhur Azərbaycan şairəsi, qadın musiqiçimiz olmaqla yanaşı, tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünən Məhsətinin həyatı barədə məlum olan faktlar həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənib. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşayıb, vaxtını musiqi və rəqs məclislərində keçirib. Onun şeirlərində eşq duyğusu tərənnüm olunub. Şairənin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə və başqalarına həsr etdiyi şeirlər silsiləsi daha çox məşhurdur. Onun əsl adı Mənicə olub. Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürüb. Həmin təxəllüsün mənşəyi barədə də bir neçə rəvayət məlumdur. Bütün bu sadalananlar pyesin müəllifi tərəfindən çox dəqiqliklə təsvir edilib. Müəllif Məhsəti Gəncəvinin yaşadığı dövrü dəqiqliklə araşdıraraq, tarixi üslubda maraqlı bir pyesin süjet xəttini qələmə alıb.

Pərdə açılarkən ilk hadisələrdən bəlli olur ki, bir ilahiyyat aliminin qızı dünyaya gələrkən uşağın taleyinə baxan münəccimlər onun böyük gələcəyindən, xalqın rəğbət və məhəbbətini qazanacağından xəbər veriblər. Həmçinin məlum olub ki, qızın taleyizamansa xərabatla, yəni içki içilən yer, meyxanalarla bağlı olacaq. Buna görə də Ənvər ata qızını tərbiyə olunmaq üçün dini məktəbə verib. On səkkiz yaşına qədər burada oxuyan qız Quranı kamil bir formada mənimsəyib və artıq imtahan verməyə hazırdır. Xalq artisti Məmmədəli Balayevin ifasında Ənvər ata obrazı dövrünün ziyalısı, həmçinin böyük elm sahibi və ağsaqqalı kimi təqdim olunur. Aktyorun ifasında eləcə də qızının böyük çətinliklər hesabına xərabatda sufi Əxi təriqətinin təbliği və yayılması istiqamətində görəcəyi işlərin ağırlığı göstərilir. Məmmədəli Balayev bu obrazın mahiyyət etibarilə tamaşaçıya çatdırılması üçün bir səhnə ustası olaraq rejissor traktovkasına uyğun olaraq uğurla ifasına nail ola bilib. 

Tamaşada Məhsəti Gəncəvi obrazı gənc aktrisa Günay Cabbarovaya həvalə olunub. Onun Gəncə Dövlət Dram Teatrının səhnəsində bir neçə tamaşada uğurlu oyununu izləmişəm. Teatrın “İkinci nəfəs” studiyasının yetirməsidir. Aktrisa səhnədə ifası ilə Məhsəti Gəncəvi obrazını təmkinli, qəbul etdiyi qərarların düşünülən bir formada dərki və obrazın mahiyyət etibarilə dəqiq ştrixlərlə təqdim olunmasına müvəffəq ola bilib. Pyesdə cərəyan edən hadisələrdən məlum olur ki, iyirmi yaşlı Məhsəti artıq öz savadı, gözəlliyi, məlahətli səsi və poetik istedadı ilə müsəlman dünyasının bir çox ölkələrində rəğbət qazanıb. Xərabatda Məhsətinin səsini dinləmək üçün uzaqdan-yaxından həm əyanlar, həm də tacirlər Gəncəyə gəlirlər. Bu minvalla Gəncə şahı – şəhər hakimi də (aktyor Samir Abbasov) Məhsətinin səsinin vurğunu olub. Məhz buna görə də onu tez-tez saraya dəvət edir. Növbəti ziyafətlərin birində şah sabahkı görüşün şərtlərini söyləməklə ona xəbər göndərir. Gecikən cərimə olaraq şərab içməlidir. İş elə gətirir ki, Məhsəti bu dəvətə gecikir. O, şərtə tabe olursonda bu addımı üçün Gəncə xətibinin təzyiqi ilə üzləşir. Bütün bu sadalananlar gənc aktrisa Günay Cabbarovanın ifasında daha dəqiq və dolğun bir formada təqdim olunur.

Tamaşada maraqla izlənilən obrazlardan biri də gənc aktyor Ruslan Hüseynovun ifasında Əmir Əhməd obrazıdır. Gəncə xətibinin oğlu Əmir Əhməd məhəllələrin birindən keçəndə musiqi sədaları eşidir və öyrənir ki, bura Xərabatdır. O, burada Məhsəti ilə tanış olur. Gənclər ilk görüşdən bir-birinə aşiq olur və rübailərlə şeirləşirlər. Müəllif ideyasına, həmçinin rejissor traktovkasına uyğun olaraq gənc aktyor səhnədə çox sərbəst və ideya baxımından obrazın tam bir formada təqdiminə çalışaraq tamaşa boyu maraqla izlənilir. Onun ifasında Əmir Əhməd özünü olduqca bacarıqlı və istedadlı bir gənc kimi göstərməklə kamil bir şəxsiyyət olaraq təqdim edilir.

Oğlunun Xərabata getdiyiniorada Məhsəti ilə tanışlığından xəbər tutan Gəncə xətibi bundan çox qəzəblənir. Hətta qəzəbini söndürmək üçün onu zindana saldıraraq şallaqla cəzalandırır. Buna baxmayaraq, oğlu Əmir Əhməd dediyindən dönmür və təkbaşına Xərabata, Məhsətinin yanına gedəcəyini bildirir. Əmir Əhmədi zindandan xilas etmək üçün Məhsəti buraya gəlir. Bu zaman isə Gəncə xətibi Məhsətinin Gəncəni tərk etməsini tələb edir. Məhsəti Əmir Əhmədin azad olunması üçün bu təklifi qəbul edir. Aktyor Mətləb Təhmazinin ifasında Gəncə xətibi obrazı qəddar və əzazil, eləcə də Xərabatın qatı düşməni olaraq təqdim olunur.

Müəllif “Xərabat gözəli” pyesində cərəyan edən hadisələri dolğun və maraqlı ştrixlərlə göstərməyə müvəffəq ola bilib. Belə ki, Məhsəti Gəncə xətibinin tələbi ilə Məşhəd şəhərinin Bələx məntəqəsinə gedir. Onun gəlişi şərəfinə Bələxin və bütün Xorasanın şairləri buraya yığışır. Şeir yarışı başlanır. Məhsəti poetik tapmaca söyləyir. Heç kim onu aça bilmir. Yarışın bu yerində heç kimin tanımadığı bir şəxs peyda olur və tapmacanın cavabını gözəl bir şeirlə cavablandırır. Bu zaman məlum olur ki, bu şəxs Əmir Əhməddir. Əmir Əhməd atası Gəncə xətibinin çox ağır xəstə olması xəbərini Məhsətiyə bildirməklə onun təkidlə Gəncəyə qayıtmasını istəyir. Məhsəti bu təklifi qəbul edərək Əmir Əhmədlə yenidən Gəncəyə qayıdır. Gəncə xətibi onlara xeyir-dua verir və dünyasını dəyişir. Atası öldükdən sonra Əmir Əhməd şəhərin xətibi olur. Bir müddət sonra o özü də vəfat edir. Onun vəfatı xəbəri Məhsətiyə çox ağır təsir edirbu itki ilə barışa bilmir. Bütün bunlar tamaşa boyu Məhsəti Gəncəvinin həyat tərzinin formalaşması və yaşam tərzindən xəbər verməklə maraqla izlənilir. Müəllif Xəzangül bu faktlara bədii ustalıqla yanaşaraq Məhsəti Gəncəvinin həyatını tam olaraq tamaşaçılara təqdim etməyə müvəffəq olub.

Pyes olduqca əyləndirici bir dillə yazılıb desəm, səhv etmərəm. Düzdür, onun dildən-dilə keçən hər bir hekayəti səhnədə maraqla baxılır. Ancaq burada deyilənlərin hamısı inandırıcı da deyil. Hadisələr cərəyan etdikcə tamaşaçı sanki nəyinsə axıracan deyilmədiyini hiss edir. Belə təəssürat da yaranır ki, müəllif bir sıra tərcümeyi-hal faktlarını bilərəkdən gizlədir, bunun əvəzində isə yalnız həmin dövrdə yaşayanların anlayacağı işarələrlə danışır. Bu da müəllifin məhz Məhsəti Gəncəvinin yaşadığı dövrü və zamanı tam dəqiqliyi ilə araşdırmasından və öyrənməsindən irəli gəldiyi məntiqini təsdiq edir.

Gəncə şahı və Cahan pəhləvan obrazlarında aktyor Samir Abbasovun, Nizami Gəncəvi obrazında aktyor Rəşad Hüseynovun, Əbül Üla Gəncəvi obrazında Emil Salmanovun, Raziyə Gəncəvi obrazında aktrisa Sevinc Hüseynovanın, Səti Gəncəvi obrazında Könül Kazımovanın və Alim obrazında Vasif  İsmayılovun da ifaları səhnədə maraqla izlənilir.

Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədovdur. Rejissor traktovkasına görə, tamaşanın əsas qayəsi olaraq sufilərin dünyagörüşünün insan həyatının ali məqsədi olaraq Allaha məhəbbət olması əsas götürülməklə önə çəkilir. Bu ideyaya görə Allaha mistik məhəbbət vasitəsilə müəyyən vəziyyətdə-ekstazda (hal) ona qovuşmaq, sonra isə onda ərimək də mümkündür. Bu hala çatmaq yalnız mütəmadi məşğələlər keçən, sufi şeirlərini ritmik musiqi altında dinləyən (bəzən rəqslərlə də müşayiət olunan bu mərasimi “səma” rəqsi adlandırırlar) təriqət nümayəndəsinə nəsib ola bilər. Müəllif ideyasına görə, sufi şeirlərində Allahın dərkinə göstərilən əhdlər məhəbbətlə eyniləşdirilir, Allahın özü dost, yar adlandırılır. Sufinin ekstaz vəziyyəti meylə sərməst olmaq, təriqət nümayəndələrinin cəmləşdikləri yersə xərabat, meyxanə adlandırılır. Sufilərin əksəriyyəti hədislər oxumağı xərabatda şeirlər dinləmək, şərqilər söyləmək və rəqs etməklə əvəzləyirlər. Bütün bu sadalananlar tamaşa boyu tam olaraq açılır. Quruluşçu rejissor Elşad Əhmədovun səhnə traktovkası həm də tamaşaçının anlayacağı dərəcədə dəqiq və sadədir. O, fikir və düşüncələrini aktyor ifası ilə həmahəng tərzdə qurmaqla tamaşanın maraqla izlənilməsinə nail ola bilir.

Tamaşanın səhnə tərtibatını teatrın baş rəssamı Vahab Cəfərov verib. Rəssam maraqlı bir ideyanı tamaşa boyu öz tərtibatında təqdim edir. Belə ki, yeddi qapının səhnədə təqdimi müqəddəs Quranın səmanın yeddi qatından nazil olması və göylə-yerin yeddi səddən ibarət olmasına dəlalət edərək rəngdə təqdim olunur. Bu da müəllif ideyasının və rejissor traktovkasının tam olaraq açılmasına xidmət edir. Hətta Gəncədə baş verən zəlzələdən sonra bu yeddi qapının Gəncə ziyalıları tərəfindən yenidən bərpa edilərək qaldırılması yerlə göy arasında səmavi bir qüdrətin, varlığın mövcudluğunu göstərir. Rəssam səhnə tərtibatında sadə predmet vasitələrinin təqdimi ilə ideyanın bədii cəhətdən açılmasına nail ola bilib.

Tamaşanın musiqi tərtibatı isə Ziyad Abbasova aiddir. Səssiz və sakit tempdə təqdim olunan musiqi parçaları uğurlu səhnə quruluşuna zəmin yarada bilir, hadisələrin cərəyanında maraqla dinlənilir.

Nəticə etibarilə Əməkdar mədəniyyət işçisi, şairə-dramaturq Xəzangülün “Xərabat gözəli” pyesi Məhsəti Gəncəvinin xalq şeiri tərzinə yaxın formalı rübailəri və dərin fəlsəfi mahiyyətli şeirləri ilə Azərbaycan və ümumən Şərq poeziyası tarixində mühüm rol oynadığını təsdiq edir. Yeni tamaşa Gəncə Dövlət Dram Teatrının repertuarının zənginləşməsi baxımından təqdirəlayiqdir və Məhsəti Gəncəvinin xatirəsinə böyük ehtiramın təzahürüdür.

 

Anar BURCƏLIYEV

Teatrşünas

 

Mədəniyyət.- 2019.-  8 may.- S.7.