Fərqliliklər, mədəni müxtəliflik və bəşəri dəyərlər bizi birləşdirir

 

 

Dünya Mədəniyyətlərarası Dialoq Forumu bu dəfə də bəşəriyyəti narahat edən bir sıra problemlərin müzakirə meydanına çevrildi. Forum çərçivəsində mayın 3-də “Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” mövzusunda ikinci plenar sessiya keçirildi.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosun moderatorluğu ilə keçirilən sessiyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış etdi. Dünya Mədəniyyətlərarası Dialoq Forumunun sülh şəraitində yaşamanı təbliğ etdiyini vurğulayan Leyla Əliyeva qeyd etdi ki, dünyamızı daha yaxşı etmək üçün bir çox ölkələrdən insanları bir arada görmək olduqca xoşdur: “Bu gün bizim hamımızın burada bir araya gəlməyimizin səbəbi zəngin fərqliliklər, mədəni müxtəlifliklər, bəşəri dəyərlər və anlaşmadır. Mən sülhün və müxtəlifliyin təbliğində məhz gənclərin rolunu xüsusi qeyd etmək istərdim. Gənclərin çoxsaylı şəbəkələr yaratmaq, özübütün mümkün sərhədləri keçmək kimi gözəl qabiliyyətləri var. Sülhharmoniya uğrunda mübarizədə gənclərə əksər hallarda ümidsiz romantiklər kimi baxırlar. Amma deyərdim ki, bu, qeyri-səmimi yanaşmadır. Əminəm ki, gənclərin dialoqa açıqlığı sülhə və rifaha gətirib çıxaracaq. Təhsil yalnız bilik və peşəkar inkişaf bacarıqlarının qazanılması deyil. Həmçinin mənəvi təhsil də bunlar qədər vacibdir. Bu baxımdan ailələr və məktəblər iki mühüm təsisatdır. Əməkdaşlıq, anlaşmabütün bəşəriyyətə rəğbət və hörmət dəyərləri aşılayan ailə uşaqları sülhpərvər dünyaya hazırlamaqda mühüm rol oynayır. Bunlar olmayanda boşluğu nifrət və dözümsüzlük doldurur”.

Dünya gənclərinin təhsil imkanlarından bəhs edən Leyla Əliyeva bildirdi ki, Yer kürəsində 617 milyona yaxın gənc hələ də riyazi və ədəbi biliklərdən məhrumdur: “Bu, o deməkdir ki, biz çox dəyərli bir potensialı itiririk. Gənclər tərəqqinin təcəssümüdür. Hər bir yeni nəsil əvvəlkindən daha mütərəqqi, humanist, həssas, tolerant və açıqfikirlidir. Bu isə tarixin təbii təkamülüdür. Gəlin, gənclərə öz enerjilərini qlobal problemlərin həllinə yönəltməkdə kömək edək, hamılıqla onlara dəstək olaq. Vaxt həyatımızın ən mühüm resursudur. Onu israf etməyək. Xalqların sülhsevər və dayanıqlı cəmiyyət formalaşdırmasında hər bir kəs fərqlilik yarada bilər. Beləliklə də onlar özlərini dəyişməklə bəşəriyyətə olan baxışlarını müsbət mənada dəyişə bilərlər”.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos sessiyanı mənfi düşüncələri dəyişmək üçün gözəl fürsət adlandırdı, gəncləri ekstremizm, nifrət kimi amillərdən qorumağın vacibliyini vurğuladı.

Sessiyadakı müzakirələr cəmiyyətdə gənclərin rolu, təhsil, sülh quruculuğu və dinlərarası dialoq mövzularını əhatə edirdi. Somalidən Nacma Əhməd-Hüseyn ölkəsində müxtəlif etnik qrupların bir araya gəlməsi üçün həyata keçirilən layihələrdən danışdı. Ərbildə beynəlxalq layihənin məsləhətçisi Sara Markieviç İraqdakı icmalar arasında qeyri-sabit vəziyyət barədə məlumat verərək bu istiqamətdə dinlərarası dialoqun roluna nəzər saldı. Pakistanlı gənc Syed Ali Abbas Zaidi zorakı ekstremizmə qarşı layihə və onun nəticələri ilə bağlı fikirlərini çatdırdı.

Sonda sessiya iştirakçılarının sualları cavablandırıldı.

 

Fariz HÜSEYNOV

 

Mədəniyyət.- 2019.- 8 may.- S.3.