Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyədən əsən meh

 

 

 

 

Mayın 14-də Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyədən əsən meh” adlı sərginin açılış mərasimi keçirildi.

Sərgi Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü və “Türk Hava Yolları”nın dəstəyi ilə ərsəyə gəlib.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, mədəniyyət və incəsənət xadimləri iştirak edirdi. Nazir Əbülfəs Qarayev ekspozisiya ilə tanış oldu.

Mərasimdə çıxış edən Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev sərginin əhəmiyyətindən danışdı. Bildirdi ki, sərgi həm paytaxt sakinləri, həm də şəhərimizin qonaqlarının marağına səbəb olacaq.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki qardaş ölkə arasında, bütün sahələrdə olduğu kimi, mədəni əlaqələrin də gündən-günə inkişaf etdiyini dedi, bu baxımdan sərginin önəmini vurğuladı. Bildirdi ki, sərgidə Türkiyənin Bursa, Konyaİstanbul kimi qədim mədəniyyət, sənət ocaqlarında rəssam kimi formalaşan, yaşayıb-yaradan müəlliflərin əsərləri nümayiş olunur. Bu rəssamların hər birinin fərdi duyumu, tablolarında canlandırdıqları həyata baxışları var.

Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir çıxış edərək sərginin təşkil olunmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirdi. Qeyd etdi ki, müasir türk mədəni irsini Azərbaycanda tanıtmaq məqsədilə keçirilən sərgidə Rauf Tuncer, Hüseyn Elmas, Erkin Keskin kimi peşəkar rəssamların əsərləri təqdim olunur.

Rəssam Hüseyn Elmas sərgidə nümayiş olunan əsərlərdə Türkiyənin müxtəlif bölgələrini tərənnüm edən nüanslarla yanaşı, Qobustan qayaüstü rəsmlərinin elementlərinin də yer aldığını bildirdi. O, qardaş ölkədə sərginin maraqla izləniləcəyinə ümidvar olduğunu dedi.

Tədbir iştirakçıları daha sonra sərgilənən rəsmlərlə tanış oldular.

Qeyd edək ki, ekspozisiyada  Türkiyə hüdudlarından kənarda çoxsaylı sərgilərdə iştirak etmiş rəssamlar Rauf Tuncer, Hüseyn ElmasErkin Keskinin müxtəlif texnikajanrlarda işlənmiş 51 əsəri nümayiş olunur. Sərgi mayın 24-dək davam edəcək.

 

Mədəniyyət.- 2019.- 15 may.- S.1.