Respublika Uşaq Kitabxanasında ədəbi-bədii görüşlər

 

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Səbail rayonunda yerləşən 160 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Nəsiminin söz qüdrəti” adlı ədəbi-bədii gecə keçirilib.

Məktəbin akt zalında reallaşan tədbirdə fəxri qonaqlar qismində Xalq artisti, görkəmli kinoaktyor Rasim Balayev, Xalq artisti, tarzən Ramiz Quliyev, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva iştirak ediblər.

Bədii gecədə kitabxana tərəfindən Nəsiminin həyat və yaradıcılığını əhatə edən kitab sərgisi təşkil olunub.

Tədbirdə əvvəlcə “Nəsimi” filmindən fraqment nümayiş olunub.

Məktəbin 6-cı sinif şagirdləri böyük şairin həyat və yaradıcılığı haqqında məlumat veriblər. Ədibin yaradıcılığından “Sığmazam”, “Mərhəba”, “Ağrımaz”, “Etməgil” və s. qəzəlləri səslənib, “Nəsimi” filmindən şah və vəzirin olduğu səhnə canlandırılıb.

“Nəsimi” filmində şairin obrazını yaratmış Xalq artisti Rasim Balayev çıxış edərək tədbirdən böyük zövq aldığını bildirib, təqdim edilən ədəbi-bədii kompozisiyaya görə məktəbliləri və tədbirin təşkilatçılarını təbrik edib. Vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Nəsiminin 650 illik yubileyinin geniş şəkildə qeyd edilməsi, 2019-cu ilin “Nəsimi ilielan edilməsi mütəfəkkir şairin  yaradıcılığının dərindən öyrənilməsi və təbliği baxımından olduqca əhəmiyyətlidir.

Tədbirin sonunda Xalq artisti Ramiz Quliyevin müşayiəti ilə Xalq artisti Rasim Balayevin ifasında “Neylərəm” qəzəlini dinləmək isə bütün iştirakçılara unudulmaz anlar yaşadıb.

* * *

Respublika Uşaq Kitabxanasında Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdləri ilə uşaq yazıçısı Reyhan Yusifqızının imzalı görüşü təşkil edilib.

Şagirdlər yazıçının “Zamanın əsirləri” və “Yaşılgözlü qız” əsərindən təsirlənərək yazdıqları hekayələri oxuyublar. Sonra yazıçının hər iki fantastik hekayəsi müzakirəyə çıxarılıb və məktəblilər arasında maraqlı diskussiya keçirilib.

2-ci sinif şagirdi İnci Quliyeva “Zamanın əsirləri” hekayəsi əsasında çəkdiyi rəsmi yazıçıya təqdim edib.

Tədbirdə çıxış edən yazıçı R.Yusifqızı şagirdlərə minnətdarlığını bildirib. Uşaqlara  yazıçının imzası ilə kitablar və kitabxananın təsis etdiyi “Göyqurşağı” jurnalı hədiyyə edilib.

* * *

Respublika Uşaq Kitabxanasının təşkil etdiyi daha bir görüşün qonağı uşaq yazıçısı Mehriban Nağıyeva olub.

Tədbirdə Suraxanı rayonunda yerləşən 275 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinin ifasında yazıçının “Əsmərin sehrli zənbili”, “Lovğa tülkü”, “Paxıl toyuq” nağılları əsasında hazırlanmış tamaşa təqdim olunub.

M.Nağıyeva oxuculara öz yaradıcılığı haqqında danışıb, yeni nağıl kitabları barədə məlumat verib, onlara kitablarını hədiyyə edib.

 

Mədəniyyət.- 2019.- 22 may.- S.7.