Bişkekdə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir

 

 

 

Mayın 18-də Bişkek şəhərindəki Manas Universitetində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycanın Qırğızıstandakı səfirliyi, TÜRKSOY təşkilatı, Manas Universiteti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Manas Universitetinin foyesində Azərbaycan Milli Kitabxanasının fondunda olan Nəsiminin əsərlərindən ibarət kitab sərgisi açılıb.

Universitetin professoru Asılbek Kulmurzayev çıxış edərək Nəsimini türk xalqlarının böyük şairi adlandırıb. Bildirib ki, şair Azərbaycan, İran, Türkiyə, İraq, Suriya şəhərlərini gəzərək öz ideyalarını şeirləri vasitəsilə insanlara çatdırıb.

Ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından biri olduğunu söyləyib. Səfir çıxışında ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illiyinin UNESCO-nun yubileylər siyahısına daxil edildiyini və 1973-cü ildə geniş qeyd olunduğunu diqqətə çatdırıb.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov İmadəddin Nəsiminin yaradıcılığı haqqında söhbət açaraq, şairin Azərbaycan ədəbiyyatında ana dilində fəlsəfi şeirin əsasını qoyduğunu, XV əsrdən etibarən bütün türk ədəbiyyatına qüvvətli təsir göstərdiyini, əsərlərinin əlyazma şəklində geniş yayılaraq dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanıldığını söyləyib. Qeyd edib ki, 2019-cu ilin ölkəmizdə “Nəsimi ilielan edilməsi və şairin 650 illik yubileyinin geniş şəkildə qeyd olunması böyük söz ustadının irsinə ehtiramın ifadəsidir.

Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı təşkilatın Milli Kitabxana ilə birgə Türkiyənin Ankaraİstanbul şəhərlərində, eləcə də Qırğızıstanın paytaxtı Bişkekdə Nəsimiyə həsr olunmuş tədbirlər keçirməsinin əlamətdar hadisə olduğunu söyləyib. “Nəsimi ili” ərzində belə tədbirlərin digər türk dövlətlərində də keçiriləcəyi bildirilib.

Sonra Nəsimi haqqında qısa film nümayiş olunub.

Qırğızıstanın TÜRKSOY-dakı daimi nümayəndəsi Kojageldi Kuluyev çıxışında Nəsiminin irsinin daha geniş tədqiq olunmasını və əsərlərinin türk xalqlarının dillərinə tərcümə edilməsinin vacibliyini qeyd edib.

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Nəsiminin yaradıcılığından bəhs edib. Akademik çıxışında Nəsiminin yaradıcılığında insanın fövqəlbəşəri varlıq kimi tərənnümünün, mənəvi azadlığın, bəşəri dəyərlərin və insana sevginin geniş yer tutduğunu deyib.

Manas Universitetinin dekanı, professor Layli Ukubayeva, qırğız ədəbiyyatşünası dosent Karlıqaç Cumakatirova, türk yazıçı-araşdırmaçı Kenan Çarboğa, qazax şairi Sayat Kamşiger, başqırd şairi Tamara Yuldaşeva Nəsimi yaradıcılığı haqqında söhbət açıblar və onu türk xalqlarının böyük şairi adlandırıblar.

Sonda incəsənət xadimlərinin ifasında Nəsiminin şeirləri və sözlərinə yazılmış mahnılar səslənib.

 

Mədəniyyət.- 2019.- 22 may.- S.4.