“Azərbaycanım” rəsm müsabiqəsinin yekun sərgisi

 

 

Mayın 20-21-də Xətai Sənət Mərkəzində “Azərbaycanım” II Respublika Uşaq Rəsm Festivalı çərçivəsində təşkil olunmuş müsabiqənin yekun sərgiləri keçirildi.

28 MayRespublika Gününə həsr olunmuş müsabiqə Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Azərbaycan TeleviziyaRadio Verilişləri QSC, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Qeyd edək ki, müsabiqə iki yaş kateqoriyasında (12 yaşa qədər və 12-17 yaş arası) keçirilib. İlk sərgidə 12 yaşa qədər uşaqların əl işləri nümayiş olunurdu.

Tədbiri Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq sərgi ilə bağlı məlumat verdi. Diqqətə çatdırdı ki, müsabiqəyə iki yaş kateqoriyası üzrə ümumilikdə 1065 uşaq əsəri təqdim edilib. 12 yaşa qədər uşaqların 160, 12-17 yaş arası uşaqların isə 170 əsəri yekun sərgi üçün seçilib.

Bildirildi ki, müsabiqəyə çoxlu sayda bədii təhsil məktəbləri qatılıb: “Bu müsabiqəni əvvəlki  müsabiqələrlə müqayisə etdikdə görürük ki, uşaq və gənclərimiz arasında sənətə maraq artır. Bu bizi çox sevindirir. Müsabiqənin bütün iştirakçılarına yaradıcılıq uğurları arzu edirik”.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov sərginin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, bu cür sərgilər istedadlı və yaradıcı gənclərin ortaya çıxmasına şərait yaradır. Həqiqətən, bu il ikinci dəfə keçirilən rəsm festivalı bir bayrama çevrilib. Belə sərgilərə hər zaman böyük ehtiyac var. Tədbirdə daha sonra sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və başqaları çıxış edərək bu kimi  tədbirlərin rəssamlıq istedadı olan uşaqların yaradıcılıq duyğularının və bədii zövqünün inkişaf etdirilməsində önəmini qeyd etdilər.

Çıxışlardan sonra müsabiqədə fərqlənən uşaqlara təşəkkürnamə və diplomlar təqdim olundu.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2019.- 22 may.- S.3.